BP-nin iki əməkdaşı Meksika körfəzində 2010-cu ildə baş vermiş qəza nəticəsində həyatını itirən 11 nəfərin ölümündə günahlandırılır.
ERtv.Az-ın Frans-Press agentliyinə istinadən verdiyi xəbərə görə, onlara qarşı ittihamnamə noyabr ayının 15-də irəli sürülüb.
Sözügedən qəzada günahlandırılanlar isə 62 yaşlı Robert Kaluza və 65 yaşlı Donald Vidrindir.
Onlar qəza baş verən gün platformada olan BP şirkətinin işçilərinin vəzifəcə ən yüksək səlahiyyətliləri imişlər. Şirkətin daha bir işçisi - baş menecer Devid Reyni “Deepwater Horizon” platformasının batmasından sonra suya axan neftin miqdarı haqqında yalan məlumat verdiyinə görə, məhkəmənin işinə mane olmaqda ittiham olunur.
Devid Reynini 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
ABŞ-ın baş prokuroru Erik Holderin sözlərinə əsasən, istintaq davam etdiyindən bu məsələ ilə bağlı ittiham olunanların sayı arta bilər.