Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Balakən və Zaqatala rayonlarına səfəri çərçivəsində jurnalistlərlə söhbətində bölgədə aparılan tikinti işlərinin gedişi barədə məlumat verib.
ERtv.Az-ın bölgə müxbirinin məlumatına əsasən, fövqəladə hallar naziri bildirib ki, sentyabrdan indiyə kimi, bölgənin rayonlarında 9 məktəb istifadəyə verilib.
Daha 11 məktəbin isə yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Nazir dekabr ayının sonuna kimi 4 məktəb istisna olmaqla bu ərazilərdə qəzalı vəziyyətə düşən bütün məktəblərin hazır olacağını da qeyd edib.
Kəmaləddin Heydərov sakinlərin evlərlə təmin olunması məsələsindən danışarkən bildirib ki, bütün işlər qrafikə uyğun aparılır. Belə ki, may ayındakı zəlzələdən sonra tikintisinə başlanılan evlərin artıq 60 faizi hazırdır. Tikinti təşkilatları hər həftə 10-12 faiz olmaqla evləri təhvil verməyi planlaşdırır.
Fövqəladə hallar naziri oktyabr ayında zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərinin tikintisinə yaxın vaxtlarda başlanacağını qeyd edərək onu da bildirib ki, bəzi imkansız ailələr qışı çadırlarda deyil, xüsusi quraşdırılmış evlərdə keçirəcək. Bu məqsədlə Balakəndə 10 mənzilli evlər quraşdırılacaq. Həmin sakinlər üçün evlərin gələn ilin mart-aprel aylarında istifadəyə veriləcəyini də diqqətə çatdırıb.
Xatırladaq ki, may ayındakı zəlzələ nəticəsində bu bölgədə 3545 ev və 37 məktəb qəzalı vəziyyətə düşüb. İndiyə kimi Fövqəladə Hallar Nazirliyi və əlaqədar tikinti təşkilatları tərəfindən 3461 evin bünövrəsi qazılıb, 3446 evdə hörgü işləri aparılıb, 2167 evin çardağı tikilib, 682 ev isə tam hazır vəziyyətdədir.