Bakının şimal istiqamətində yollar genişləndirilir.
ERtv.Az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təmir işləri 20 Yanvar metrosu dairəsi yaxınlığında “Şamaxinka” adlandırılan ərazidə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 m məsafədə, tunelin üst hissəsində aparılır.
6 noyabrda başlayan təmir işləri mövcud yolun 3-4 m genişlənməsi üçün həyata keçirilir.
“Azəryolservis”dən bildirilib ki, yolun genişlənməsi ilə bərabər, yolun bu hissəsində avtomobillərin dönmə əməliyyatı sxeminin də dəyişdirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu işlər Bakı şəhərinə daxil olan və eyni zamanda şəhəri tərk edən nəqliyyat vasitələrinin sayını və intensivliyini nəzərə alaraq, paytaxt ətrafında tıxac probleminin qarşısını almaq məqsədilə həyata keçirilir.