Balakən rayonunun təsərrüfatlarında bu il rayonun tarixində rekord miqdarda - 41 min 76 ton qarğıdalı istehsal olunub.
Rayon İcra Hakimiyyətinin aqrara məsələlər şöbəsindən ERtv.Az-a verilən məlumata əsasən, bu il məhsul istehsalı əvvəlki illə müqayisədə 21 min 547 ton artıqdır.
Bildirilib ki, ümumiyyətlə, son illər rayonda qarğıdalı istehsalına maraq xeyli artıb. 2008-ci ildə fəaliyyətə başlayan “Azəryem Sənaye” MMC-nin yem istehsalı zavodu da rayonda bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Təsadüfi deyil ki, bu il rayonda qarğıdalı bitkisinin əkin sahələri əvvəlki ilə nisbətən 1577 hektar genişləndirilərək 6442 hektara çatdırılıb. Əkin zamanı xarici ölkələrin tanınmış toxum firmalarının yüksək məhsuldarlığı ilə seçilən “Pioner”, “Sincanta” və digər hibrid sortlara üstünlük verilib. Bunun nəticəsidir ki, cari mövsümdə fermerlər hər hektardan orta hesabla 63,8 sentner qarğıdalı götürüb.