Fransa hökuməti noyabrın 7-də eynicinsli nikahları qanuniləşdirib.
ERtv.Az-ın Vesti.Ru-ya istinadən verdiyi xəbərə görə, yerli katoliklər və mühafizəkar müxalifət bu qanun layihəsinə qarşı çıxıb.
Ancaq “hər kəs üçün nikah” prezident Ollandın seçkiqabağı verdiyi vədlərdən biri idi. Qanunun mətnində çoxlu mübahisəli məqamlar var.
“Ana, ata, mən – mehriban ailə” formulu Fransada artıq keçmişdə qalır - ən azından, rəsmi mətnlərdə belə olacaq: Nazirlər Kabineti tərəfindən təsdiqlənən və eynicinsli şəxslərin nikah bağlamasını qanuniləşdirən qanun layihəsi “ata” və “ana” sözlərinin Mülki Məcəllədə “valideyn A” və “valideyn B” sözləri ilə əvəz olunmasını nəzərdə tutur. “Ər” və “arvad” sözlərinin əvəzinə isə “həyat yoldaşı” istifadə ediləcək.
İctimai rəy isə iki bərabər hissəyə bölünüb. Fransız şəhərlərinin merləri eynicinsli nikahları qeydiyyata almayacaqları haqqında ərizələrə qol çəkirlər. Debatlara dini təşkilatlar da qoşulub.
Qanun layihəsinə qarşı protestantlar, yəhudilər, buddistlər, müsəlmanlar və ətrafında çoxsaylı insanları birləşdirən fransız katolikləri çıxış ediblər. Ancaq cinsi azlıqların təmsilçiləri əmindirlər ki, bütün bunlar Fransanın eynicinsli nikahları tanıyan dünyanın 12-ci ölkəsi olmasına mane olmayacaq. Qanun layihəsinə qarşı çıxanlar isə kütləvi nümayişlərə hazır olduqlarını bildiriblər.