Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması zamanı idarəetmənin təşkili məqsədilə kompleks təlim keçirib.
ERtv.Az xəbər verir ki, muxtar respublikanın fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verib.
Sonra Ali Məclisin sədri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən təlimin gedişini izləyib.
Təlimə nazirliyin mülki müdafiə alayı, xüsusi riskli xilasetmə xidməti, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi cəlb edilib. Hadisə rayonunda struktur qurumların qüvvələrinin fəaliyyətini təmin etmək üçün idarəetmə və arxa idarəetmə məntəqələri açılıb, komendant xidməti təşkil olunub.
Təlim zamanı mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsini təşkil edərək əraziyə giriş-çıxışı məhdudlaşdırıb, qəza-xilasetmə, axtarış-xilasetmə işləri aparılıb, irimiqyaslı yanğınların söndürülməsi, zədələnmə ocaqlarından zərərçəkənlərin təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi həyata keçirilib. Həmçinin təlimdə yol qəzalarının nəticələri aradan qaldırılıb, subasma zonalarından suyun çəkilməsi və ərazilərdə partlamamış mərmilərin axtarışı, onların zərərsizləşdirilərək məhv edilməsi barədə tapşırıqlar uğurla yerinə yetirilib.
Sonda nazir Şamı Abdullayev təlimin yekunu haqqında Ali Məclisin sədrinə məlumat vermişdir.
Ali Məclisin sədri muxtar respublika ərazisində fövqəladə hadisələrə dair fəaliyyət planlarının hazırlanmasının ciddi nəzarətə götürülməsi və müvafiq qurumların fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar verib, muxtar respublika FHN-i üçün alınan texnikalara baxıb.