Gürcüstan hökumətinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqaviləyə yenidən baxılması məsələsini gündəmə gətirməklə müqaviləyə yenidən baxılacağına inanmıram.
Bu sözləri ERtv.Az-a Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban Gürcüstanın yeni iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin SOCAR-la Saakaşvili hakimiyyəti dövründə bağlanmış müqavilələrə yenidən baxılacağı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
İ.Şaban qeyd edib ki, bu mümkün olan şey deyil. “SOCAR müqavilələrini Gürcüstan qanunları ilə deyil, Böyük Britaniya qanunları ilə imzalayır. “İki ölkə arasında, həmçinin qoyulan investisiyaların qorunmasına dair hökumətlərarası saziş var. Hökumətlərin dəyişməsindən asılı olmayaraq onlar parlamentlər tərəfindən təsdiq edilib və hüquqi qüvvədədir”.
Qeyd edək ki, Gürcüstanda qaz və işıq tariflərinin həddən artıq yüksək olması ilə əlaqədar yeni iqtisadiyyat naziri bildirib ki, Rusiyanın “İnter RAO” və Azərbaycanın Dövlət Neft Şirkəti ilə bağlanan müqavilələrə yenidən baxılacaq.
Nazir qeyd edib ki, müqaviləyə yenidən baxılması ilə hansısa investor ölkədən çıxarılmayacaq, ancaq onların qarşısında ədalətli tələblər qoyulacaq.
İqtisadçı ekspert hesab edir ki, Gürcüstanda enerji qiymətlərini Azərbaycandakı və ya digər enerji resursları ilə zəngin olan ölkələrdəki kimi tənzimləmək mümkün deyil.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Gürcüstana avtomobil yanacağının ancaq Azərbaycandan deyil, digər ölkələrdən, xüsusilə də Rumıniyadan gəlməsi ilə bağlıdır. O qeyd edib ki, bunun hesabına orada qiymətlər Azərbaycandan iki dəfə yüksəkdir.
İ.Şaban bu ölkədəki qiymətlərin yüksək olmasının dünya bazarındakı qiymətlərlə də bağlı olduğunu qeyd edib.
Buna görə də iqtisadçı ekspert bildirib ki, İvanaşvili hökuməti qiymətləri tənzimləmək istədikdə belə onu heç vaxt tənzimləyə bilməyəcək.
“Tiflisin bu başındakı qiymətlərlə o biri başındakı qiymətlər eyni ola bilməz. Çünki bütün xərclər şirkətlərin onu daşımasına görə müxtəlifdir”.
İ.Şaban qazın qiyməti ilə bağlı isə qeyd edib ki, Azərbaycan bu ölkəyə sosial qaz verir, əgər Azərbaycan o qazı dayandırsa, onda Gürcüstan Rusiyadan 400 dollara qazı alacaq. “Bu isə daha yüksək qiymət deməkdir”.
İqtisadçı ekspert nazirin Gürcüstandakı qaz tariflərinin yüksək olmasının SOCAR-ın qoyduğu investisiyaları beş il ərzində qaytarmaq siyasəti yürütməsi ilə bağlı fikirlərinə isə bildirib ki, SOCAR Gürcüstan bazarına 1 yanvar 2012-ci ilədək 510 milyon dollar investisiya qoyub və qoymaqda davam edir, bu investisiya isə geri qayıtmayıb.
“Əgər nəzərə alsaq ki, cari ilə yenidən Gürcüstanda 700 milyon dollar dəyərində karbomid zavodunun tikintisinə başlanacaq. Onda Azərbaycanın Gürcüstandakı bu investisiyalarının geri qayıtma vaxtı daha da uzanacaq”.
Gürcüstanın yeni hökumətinin çıxışlarının nədən qaynaqlandığı məsələsinə gəlincə isə, iqtisadçı ekspert hesab edir ki, yeni hökumət xalq kütlələrinin rəğbətini qazanmaq üçün belə çıxışlar edir.
“Saakaşvili hakimiyyətə gələndə, o da xalq kütlələrinin rəğbətini qazanmaq üçün çoxlu çıxışlar edib. Onun çıxışlarının əsası demokratiya, korrupsiyaya qarşı mübarizə, insan haqları azadlıqlar və s idi. Həqiqətən də bu yöndə o qısa zamanda insanların rəğbətini qazandı.
İndi isə yeni gələn hökumət yeni bir şey etməlidir ki, seçicilər qarşısında etimad qazansın. Bunun isə ən qısa yolu işığın, qazın və yanacağın qiymətinin müəyyən qədər aşağı salınmasıdır. Yəni ola bilər bu yöndə onların əsas apardığı siyasətdir”-deyə o qeyd edib.
İ.Şaban bildirib ki, bu cür populist çıxışlar müəyyən bir müddətə hesablanıb.