Sabah saat 09:00-dan 13:00-dək Milli Parkda uşaqlar üçün ənənəvi pulsuz attraksion aksiyası keçiriləcək.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun Gün.Az-a verdiyi məlumata görə, aksiya müddətində parkın ərazisindəki bütün attraksion və qatarlar tamamilə ödənişsiz paytaxt sakinlərinin ixtiyarına veriləcək:
“Son iki ildə 20-yə yaxın belə aksiya keçirilib. Hər ay bir dəfə olmaqla uşaqların əyləncəsini təmin etmək məqsədi ilə Bakı Bulvar İdarəsi park ərazisində ən zəruri tədbirlər görür ki, az yaşlıların istirahətini təmin edə bilsin.
Aksiya təşkil etdiyimiz ilk vaxtlar park ərazisində qələbəlik yaranırdı. Ancaq artıq bu işdə təcrübəmiz var və son tədbirlər ən yüksək səviyyədə təşkil olunub”.
N.Məcidov bildirib ki, aksiya keçirilən günlər idarənin mühafizə xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir. Kassaların qarşısında isə növbəlilik şərti ilə aksiya iştirakçılarına biletlər verilir.
“Sabah keçiriləcək aksiya ilə bağlı da artıq zəruri tədbirlər görülüb. Bütün şəhər sakinlərini və şəhərimizin qonaqlarını aksiyada iştirak etməyə dəvət edirik”.