Gədəbəyə müəllim işləmək üçün gedənlərə güzəştlər ediləcək.
Bu barədə məlumatı ERtv.Az-a Gədəbəy rayon Təhsil İdarəsinin rəisi Ramiz Məmmədov verib.
Onun sözlərinə görə bir neçə gün öncə təhsil naziri Misir Mərdanovun rayona səfəri zamanı Gədəbəydə müəllim çatışmazlığı müzakirə edilib və qərara alınıb ki, müəllim işləmək üçün verilən imtahanlar zamanı bu rayona gəlmək istəyənlərə güzəşt edilsin.
R.Məmmədovun sözlərinə görə güzəşt keçid balların aşağı salınmasından ibarət olacaq. Belə ki, müəllim işləməyə getmək üçün minimum 35 bal toplamaq lazım olduğu halda, Gədəbəyə getmək istəyənlər 15, hətta 12 balla da imtahandan keçmiş olacaqlar.
Müsahibin sözlərinə görə, rayonda təxminən 200-ə yaxın müəllim çatmırdı. Bu ilin avqust ayında verilən imtahanlarda 95 nəfərə yaxın gənc müəllim imtahandan uğurla keçərək rayona gediblər. Lakin onlardan 64 nəfəri orada qalaraq işləməyə başlayıb. Yerdə qalan 31 nəfər isə bir neçə gündən sonra geri qayıdıb. Gənc mütəxəssislər isə ucqar rayonlarda işləməyə maraq göstərməyirlər.
Məlumata görə növbəti imtahan bu ilin dekabrında keçiriləcək və Gədəbəydə olan 150-ə yaxın boş müəllim yerinə qəbul təşkil ediləcək.