Oktyabrın 27- sində Binə Atçılıq mərkəzində Atçılığın Konkur növü üzrə “CSI 2*-W” kateqoriyalı Dünya Kubokunun təsnifat mərhələsinə start verilib.
ERtv.Az xəbər verir ki, turnirdə Azərbaycan idmançılarıyla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparıblar.
Beynəlxaq Turniri idarə edən hakimlər briqadası İran, Türkiyə və Bolqarıstandan dəvət olunub. Yarışların hər günü iki hissədən ibarət olub. Əvvəlcə çaparlar nisbətən cavan atlarla, yarışda bacarıqlarını göstəriblər. Turnirin ilk günü həmyerlimiz Kənan Novruzov “Wasab - 1” ləqəbli atla qələbə qazanıb.
Nisbətən təcrübəli atlarla yarışda da Azərbaycan təmsilçisi Patrick Mc Entee qalib gəlib. O “Zidan - D” ləqəbli atla ən yüksək nəticəyə nail olub. Gürcüstanlı Shalva Gachechiladze “Dar” ləqəbli atla ikinci, İran nümayəndəsi Maziar Jamshid Khani isə “Van Het Scheef” ləqəbli atla üçüncü yeri tutub. Yarışların final mərhələsi də eyni ssenari üzrə keçib.
Əvvəlcə iştirakçılar nisbətən cavan atlarla çıxış ediblər. Burda çempionluğu “Samurai MNM” ləqəbli atla Almaniyalı Andre Schroeder qazanıb. Turnirin əsas final mərhələsi isə bundan sonra başlayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən son mərhələdə ölkəmizi Pekin və London Yay Olimpiya oyunlarında təmsil etmiş Camal Rəhimov “Woodie” ləqəbli atla birinci yerə çıxıb.
Digər həmyerlimiz Seyid Musayev isə “Concorde 57” ləqəbli atla ikinci olub. Gürcüstanlı Shalva Gachechiladze final mərhələsində 3-cü nəticə göstərib tutub. Qeyd edək ki, 2 gün davam edən Dünya Kubokunun təsnifat mərhələsinin ümumi mükafat fondu 56 min Amerika dolları idi.