2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz olmaqla ümumi daxili məhsul istehsalı bazar qiymətləri ilə 56,1 mlrd. manat təşkil edəcək.
ERtv.Az bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən xəbər verir.
Neft sektoru üzrə ümumi daxili məhsulun 2,9 faiz azalması nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda əlavə dəyərin 34,4 mlrd. manat və ya cari ilə nisbətən 11,7 faiz real artımı proqnozlaşdırılır. Bu da növbəti ildə də qeyri neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir.
Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 61,4 faiz həddində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin yekunlarına nisbətən 13,8 faiz, 2012-ci ilin proqnozuna nisbətən 4,8 faiz çoxdur. Özəl sektorun ümumi daxili məhsulda payı 83,1 faiz həddində nəzərdə tutulur.
2013-cü il üzrə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payi 41,4 faiz göstərilir ki, bunun da əsasını neft və qaz sənayesi (ümumi daxili məhsulun 36,7 faizi) təşkil edir.
İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən 2012-ci ilin sonuna inflyasiyanın 4.7 faiz, 2013-cü ildə isə 5,7 faiz həcmində olacağı proqnozlaşdırılır. Bu göstəricinin 2014-cü ildə 5,2 faiz, 2015-ci ildə 4 faiz, 2016-ci ildə isə 4,2 faiz olacağı gözlənilir.
2013-cü ildə əhalinin gəlirlərinin cari ilin gözləniləniləninə nisbətən real ifadədə 9,1 faiz artaraq 39,7 mlrd. manat, əhalinin xərclərinin isə 8,5 faiz aratarq 28,5 mlrd. manata təşkil edəcəyi proqnozlaşdırılır.
Həmçinin orta aylıq əmək haqqının da 2012-ci ilin proqnozundakı 401,7 manatdan 440,3 manata yüksələcəyi gözlənilir.