2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1833,9 mln. manat təşkil edib.
Gün.Az-ın fonda istinadən verdiyi xəbərə görə, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 308,9 mln. manat və ya 20,3 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 131,8 mln. manat artaraq 1000,4 mln. manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizi və ya 612,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 9 ayının göstəricisinə nisbətən 18,7 faiz və ya 96,6 mln. manat artmış, proqnoz isə 109,9 faiz icra olunub.
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4% icra olunub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 16,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 31,4 faiz artıb.
2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 35,2 mln. manat artıb.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 5,2 mln. manat təşkil edib.
2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1809,6 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1774,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 299,8 mln. manat və ya 20,3 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,7 faiz və ya 297,4 mln. manat artaraq 1732,9 mln. manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.
İlkin məlumatlara görə, 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manat təşkil edib.
2012-ci ilin yanvar-sentyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 41,6 mln. manat məbləğində müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 35,1 mln. manat təşkil edib.