AFFA və “UNICEF Azerbaijan” birgə tədbir keçirmişdir
08 oktyabr, 2012 16:06
Bakı, 8 oktyabr (AzərTAc). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012”nin Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Fan Zonasında AFFA və “UNICEF Azerbaijan” birgə tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, “UNICEF Azerbaijan”ın rəhbəri Mark Herevard çıxış edərək AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışmışdır.
Tədbirdə qadınlardan ibarət BTİ (Təhsil) klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilmişdir. Komandaların üzvləri “İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq”, “Zərərli vərdişlərdən uzaq olaq”, “Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək” və sair bu kimi sosial yönümlü şüarlar səsləndirmişlər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatmışdır.
Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, AFFA və “UNICEF Azerbaijan” arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Əsas hədəfi U-17 UNICEF qızlar Liqasında çıxış edən klublar olan əməkdaşlıq çərçivəsindəki tədbirlərin əksəriyyətini tədris yönümlü treninqlər təşkil edir. Treninqlər zamanı qızlara sağlam həyat tərzi (sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.
Azertag