ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndələri Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirmişlər
08 oktyabr, 2012 13:03
Bakı, 8 oktyabr (AzərTAc). Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri oktyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olmuşlar.
AzərTAc xəbər verir ki, keçirilən görüşdə tolerantlıq, dini dözümlülük, dinlərarası əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan şeyxülislam demişdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.
Qonaqlar ölkəmizdə mövcud tolerantlığın beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulamış, Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirmişlər.
Diqqətə çatdırılmışdır ki, ölkədə müxtəlif dini konfessiyaların nümayəndələri dostluq, mehribançılıq şəraitində birgə yaşayırlar.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
Azertag