Bakı, (ERtv). Rusiyanın paytaxtı Moskvanın “Krasnopresnenskaya zastava” meydanında Azərbaycan diasporunun mitinqi keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, mitinq keçirilməsi təşəbbüsü ilə Ümumrusiya Azərbaycan Konqresi və Moskvada yaşayan azərbaycanlı gənclər çıxış edib. Moskva meriyası Azərbaycan diasporuna 300 nəfərin iştirakı ilə mitinq keçirməyə icazə verib.
350-400 nəfərədək insanın iştirak etdiyi mitinqi Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi Mikayıl Hüseynov açıb. Mitinqdə aparıcı qismində Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Bölməsinin rəhbəri İlqar Hacıyev çıxış edib. “Millətlərarası münaqişələrə yox!”, “Vladimir Putinin siyasətinə dəstək!” kimi şüarlar səsləndirilən mitinqdə azərbaycanlılarla yanaşı, ruslar da iştirak edib. Hər hansı insident qeydə alınmayıb.