Bakı, (ERtv). Moskva ətrafı Zveniqorod şəhərində Rusiyanın Elmlər Akademiyasının (RAN) Gənc Alimlər Şurası, tarixi-fəlsəfi elmlər şöbəsi və şərqşünaslıq institutu tərəfindən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə MDB-nin Gənc Şərqşünaslar Qurultayı keçirilir.
Azərbaycanın Heydər Mirzə (SAM), Sübhan Talıblı (Şərqşünaslıq İnstitutu AMEA) və Leyla Məlikovadan (Şərqşünaslıq İnstitutu AMEA) ibarət nümayəndə heyəti MDB-nin Gənc Şərqşünaslar Qurultayında iştirak edir.
Qurultayda Azərbaycan təmsilçilərinin "Müasir dövrdə Azərbaycan-İran münasibətləri azərbaycanlıların milli quruculuq prizmasından" (Heydər Mirzə), "1979-2005-ci illər İranın xarici siyasəti" (Sübhan Talıblı), "Bahaizm nümunəsində Qərb qlobalizm ideologiyası ilə Şərq neouniversalist dini konsepsiyasının qarşılıqlı əlaqələri" (Leyla Məlikova) mövzularında məruzələrlə çıxışı nəzərdə tutulub.
Zveniqorodda təxminən 60 gənc alimi toplayan MDB-nin Gənc Şərqşünaslar Qurultayının əsas məqsədi MDB ölkələrinin özünü şərqşünaslıq sahəsində araşdırmalara həsr etmiş humanitar-elmi ziyalılarının gənc nümayəndələri arasında əlaqələri möhkəmləndirməkdir.