Bakı, (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib. Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirə dünyada və regionda böyük marağın olduğunu bildirib. Forumda 70-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyini vurğulayan prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində mühüm beynəlxalq layihə kimi dəyərləndirib. Georgi Pırvanov Bolqarıstanın dövlət başçısı vəzifəsində çalışarkən Azərbaycan prezidenti İlham Əliyevlə həyata keçirdikləri birgə səylər nəticəsində ölkələr arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxdığını məmnunluqla qeyd edib. Georgi Pırvanov dostluq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.