Bakı, 17 sentyabr (ERtv). Səid Rüstəmov adına əməkdar Xalq Çalğı Alətləri Orkestrinin 80 illik yubileyi ərəfəsində orkestr haqqında Kitab işıq üzü görüb. Bu barədə ERtv-yə açıqlama verən tanınmış vokalçı, AzTV-nin Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, o, uşaqlıq illərindən bu orkestrlə əməkdaşlıq edib: "İlk dəfə bu orkestrə məni ustadım Mobil Əhmədov gətirmişdi. Daim bizim görkəmli bəstəkarlardan Süleyman Ələsgərovu, Hacı Xanməmmədovu, Şəfiqə Axundovanı, dirijor Nəriman Əzimovu bu orkestrlə iş birliyini görürdüm. O vaxt heç düşünməzdim ki, bir zaman gələcək və mənə bu orkestr haqqında kitab yazmaq nəsib olacaq. Bu gün Azərbaycan Televiziya və Radiosunda çalışdığım üçün qürur duyuram. Çünki, Televiziya və Radionun Musiqi kollektivləri bizim əbədiyaşarların ilk sənət ocağı olub. Qüdrətli, güclü, günü-gündən inkşaf edən Azərbaycanımızın mədəniyyətinə xidmət etmək mənə böyük şərəfdir".
Qeyd edək ki, üç dildə (Azərbaycan, rus, ingilis) yazılan bu kitabda Şərqdə ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin dünəni və bu günü əks olunub, dövlətin mədəniyyətində xidmətlərindən söhbət açılıb. Həmçinin kitabda CD albomda işıq üzü görüb. CD topluda orkestrlə daim çalışan Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Mobil Əhmədovun, həmçinin Müslüm Maqamayevin “Radio Marşı”, Üzeyr bəyin orkestr üçün “Fantaziya” əsəri öz əksini tapıb.