Bakı, 17 sentyabr (ERtv). Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb. CD topluda Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin, hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər əksini tapıb. Ramil Qasımov bildirib ki, belə bir toplunun ərsəyə gəlməsi onun çoxdankı arzusu olub: "Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çöxdankı arzum idi. Qüdrətli Azərbaycanımız günü-gündən inkişaf edir. Hər bir insan dövlətinə və cəmiyyətinə faydalı olmağa çalışmalıdır. O cümlədən də mən. Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir bəyin əsərlərinin ilk gənc iştirakçısı və ifaçısı kimi mən deyə bilərəm ki, böyük qürur hissi keçirirəm. 15 yaşımda “O olmasın, bu olsun”da Sərvər, “Arşın mal alan”da Əsgər, həmçinin 26 yaşında “Koroğlu”da Koroğlu obrazını ifa etmək mənə nəsib olub. Üzeyir bəyin əsərlərinin CD albomunu çıxarmaqda məqsəd Azərbaycanın hüdudlarından kənarda olarkən peşəkar musiqimizi təbliğ və təqdim etməkdir".