Azərbaycan prezidenti ilə Bolqarıstanın baş naziri arasında təkbətək və geniştərkibli görüş olub
27 aprel 2012 05:57

 

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovu qəbul edib.

Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Prezident ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin razılıq doğurduğunu deyib.

Dövlət başçısı Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Baş nazir Bolqarıstanla Azərbaycan arasında yaxşı əməkdaşlıq ənənələrinin olduğunu, əlaqələrin genişləndirilməsi üçün imkanların varlığını bildirib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Dövlət başçısı baş nazirin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin önəmini qeyd edib, ölkəmizin Bolqarıstanla ikitərəfli əlaqələrin konkret layihələrlə daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Prezident enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb, nəqliyyat, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyin önəmini qeyd edib.

 Öz növbəsində baş nazir də müzakirə olunan məsələlərin xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, əməkdaşlığın inkişafı və konkret sahələrdə qarşıda duran məsələlərin həyata keçirilməsi üçün müvafiq struktur rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

 Sonra prezident İlham Əliyev və baş nazir Boyko Borisov birgə nahar ediblər.

“Eurovision -2012”nin şüarını simvolizə edən aksiya keçirilib
27 aprel 2012 05:36

 

Dənizkənarı Milli Parkda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision -2012” mahnı müsabiqəsi bağlı ilk dəfə olaraq unikal aksiya keçirilib.

Müsabiqənin Azərbaycan üzrə rəsmi Fan-Klubunun təşkil etdiyi aksiyanın iştirakçıları olan gənclər dəniz kənarında toplaşaraq, hava fənərlərini yandırıb səmaya uçurublar. Bu aksiya 57-ci “Eurovision” yarışmasının “Light Your Fire” şüarını simvolizə edib. Qeyd edək ki, bu aksiya Azərbaycanda ilk dəfə baş tutub.

Aksiyanın əsas məqsədi Eurovision 2012 mahnı müsabiqəsinin vaxtını xatırlatmaq və yarışmaya diqqəti cəlb etməkdir.  

Azərbaycan Prezidenti CAR prezidentini təbrik edib
27 aprel 2012 05:34

 

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Gedleyihlekis Zumayanı təbrik edib.

Təbrik məktubu Cənubi Afrika Respublikasının milli bayramı olan Azadlıq günü münasibətilə göndərilib.

Məktubda Azərbaycanla Cənubi Afrika Respublikası arasında münasibətlərin inkişafının dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə inam ifadə olunub.

TQDK mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
26 aprel 2012 13:05

 

Komissiya orta məktəblərdə mərkəzləşmiş imtahan qaydalarını və imtahan günlərini gələn həftə açıqlayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, artıq TQDK əməkdaşları imtahan keçiriləcək binaları yoxlamağa başlayıblar. Bu prosesə TQDK-nın regional bölmələri də daxil olmaqla, bütün heyət cəlb edilib: “Bakı şəhərində imtahan keçiriləcək 300-ə qədər binaya operativ baxış keçirilir. Regional bölmələrin əməkdaşları da imtahan keçiriləcək binalara baxmaq üçün ezam olunub. İmtahanlar ölkənin bütün şəhər və rayonlarında keçiriləcək. İmtahan binalarına baxışlar zamanı binaların sxemi və onların say tutumu müəyyənləşdiriləcək. Binalarda imtahanların keçirilməsi üçün normal şəraitin olub-olmaması, imtahana hazırlıq səviyyəsi yoxlanılacaq. Artıq TQDK imtahan binalarına məsul şəxslər üçün ilkin treninqlərin keçirilməsinə də başlayıb. Bu şəxslər orta məktəblərin direktorları və ya direktor müavinləridir”.

E. Nağızadənin sözlərinə görə, hazırda mərkəzləşmiş imtahan qaydalarının və imtahan günlərinin müəyyənləşdirilməsi istiqamətində də ciddi iş gedir. Qaydaların gələn həftə açıqlanacağı gözlənilir.

Azərbaycan XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
26 aprel 2012 06:56

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərdədir. O, səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı durumu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Dağüstü və Dənizkənarı parklarda aparılan işlərlə tanış olub
26 aprel 2012 06:55

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 25-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olub.

Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verilib.

Sonra prezident İlham Əliyev Bakı funikulyorunun “Şəhidlər xiyabanı” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Yeni funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edilib. Dövlət başçısı Bakı funikulyorunun “Bəhram Gur” stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış oldu, yeni gətirilmiş vaqonlara baxıb. Prezident İlham Əliyev funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər verib.

 Dövlət başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlanıb. Burada görülən işlər barədə Prezidentə məlumat verilib. Dövlət başçısı Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxıb. Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın genişləndirilmiş ərazisində görülən işlərin gedişi ilə yerindəcə tanış olub. Burada həyata keçirilən işlər barədə də dövlətimizin başçısına məlumat verilib. Abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanışlıqdan sonra prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Siyəzən rayonu ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb
26 aprel 2012 06:54

 

Azərbaycanın Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba-Rusiya yolunun 84-cü km-də, Siyəzən rayonun Zarat kəndi ərazisində qeydə alınıb. Bakıdan Quba istiqamətində hərəkətdə olan, Bakı şəhəri Xətai rayon sakini, 50 yaşlı Məzahir Nağıyevin idarə etdiyi idarə etdiyi 10 VA 826 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, yolun kənarında hərəkətsiz vəziyyətdə olan, Şabran rayonunun Ağbaş kənd sakini Zaur Quliyevə məxsus “VAZ 21 099” markalı avtomobilə çırpılıb. Qəza zamanı avtomobilinin yük yerindən sərnişinə məxsus baqajı götürmək istəyən “VAZ 21 099” sürücüsü iki avtomobilin arasında qalaraq ölüb. “Mercedes” markalı idarəetməni itirib və yolun kənarında dayanan Siyəzən rayonunun Zarat kənd sakini Bəhruz Fərzəliyevi və Ceyhun Xalıqovu vurub. Qəza zamanı “Mercedes”də olan Rusiya Federasiyasının vətəndaşları Roza Mutsalova, Markhet Alimsultanova, Milana Seykoyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Elmar Məmmədyarov Britaniya-Azərbaycan parlament qrupunun üzvləri ilə görüşüb
26 aprel 2012 06:52

 

Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan parlament qrupunun üzvləri ilə görüşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamani nazir britaniyalı parlamentarilərə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti haqqında məlumat verib. Bununla yanaşı Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı enerji layihələrindən söz açan nazir Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi və münaqişənin doğurduğu nəticələr, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barəsində qonaqlara məlumat verib.

 Elmar Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasət uğurlarına toxunub, Böyük Britaniya ilə ölkəmiz arasında bütün sahələrdə dərinləşən münasibətləri vurğulayıb. Bundan əlavə nazir Azərbaycanın Əfqanıstanda sabitliyin bərpası və inkişafına verdiyi töhfələri də qonaqların diqqətinə çatdırıb.

 Sonda Elmar Məmmədyarov Parlament Qrupu üzvlərinin Azərbaycanın xarici siyasəti ilə bağlı ünvanladığı sualları cavablandırıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqını dövlət ödəyəcək
26 aprel 2012 06:47

 

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Bu, Milli Məclisdə (MM) “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi” haqqında qanuna ediləcək müvafiq dəyişikliyə əsasən olacaq.

Dəyişiklik layihəsi bu gün MM-in Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyə olunub.

Azərbaycan prezidenti “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb
25 aprel 2012 14:54

 

Azərbaycan prezidenti İlham Əliyev “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmana əsasən, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” təsdiq edil təsdiq edilib. Fərmanın digər bəndində Nazirlər Kabinetinə fərmanın təbiqindən irəli gələn məsələlərin həlli üçün müvafiq təklifləri hazırlayaraq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edərək bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Azərbaycanın üç rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
25 aprel 2012 06:53

 

Təmir işləri ilə əlaqədar olaraq bu gün 14:00-dan “Kövər”, “Bərdə-Samux”, “Bərdə”, “Tərtər” və “Cəyirli” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri müddətində Yevlax rayonunun Kövər, Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Hacımahmudlu kəndləri daxil olmaqla, Bərdə və Tərtər rayonlarına təbii qazın verilməsində fasilələr yaranacaq.

Lerik rayonunda göl məcrasından çıxıb, həyətyanı sahələri su basıb
25 aprel 2012 06:51

 

Lerik rayonunun Rvarud kəndi ərazisindəki göl məcrasını aşıb.

Hadisə ötən gecə saat 4.00 radələrində qeydə alınıb. Gölün suyu ətrafdakı evlərin həyətyanı sahələrini basıb. Mövcud vəziyyət barədə müvafiq qurumlara məlumat verilib. Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, kənddə 4 fərdi yaşayış evinin həyətini su basıb, bir evin içərisi isə tamamilə su ilə dolub və oradakı əşyalara ziyan dəyib. Hazırda aidiyyatı qurumlar hadisə yerində qəzanın fəsadlarını aradan qaldırmaqla məşğuldur. Gölün hansı səbəbdən daşması faktı dəqiqləşdirilir.

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
25 aprel 2012 06:49

 

Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 1-də keçiriləcək.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, sessiyada ümumilikdə 5 məsələ müzakirə olunacaq. Bunlar “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlara, Mülki Prosessual Məcəlləyə və Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələridir. Həmçinin, “Əqli mülkiyyət haqqında hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi də ilk oxunuşda müzakirəyə çıxarılacaq.

Azərbaycanda yaxın günlərin hava proqnozu açıqlandı
25 aprel 2012 06:46

 

Növbəti iki gündə Azərbaycanda sabit hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən çərşənbə günü bildiriblər ki, aprelin 26-27-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
25 aprel 2012 06:44

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

Bakıda gecə 13-15 dərəcə isti, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 millimetr təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-14 dərəcə, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperaturun gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq.

Temperaturun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-10 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
25 aprel 2012 06:41

 

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçiriləcəkdir.  

Heydər Əliyev Fondundan verilən məlumata görə, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədi ilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəassamlar iştirak edəcəklər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

Əvvəlki festivallardan fərqli olaraq bu il ilk dəfə olaraq İDEA ekoloji kampaniyası çərçivəsində nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədi ilə ceyran maketləri də hazırlanacaq. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədiləcəkdir.

Builki festivalın digər fərqləndirici cəhəti isə Qız Qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq. Belə ki, festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq. Görüntülərin yaradılmasında müasir post-prodakşn video texnologiyalarından istifadə olunacaq. Qız Qalası səthinin 360 dərəcə görüntülərlə əhatə edilməsi məqsədi ilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsi ilə proyeksiyalar salınacaq.

Şəhərimizin sakinləri və qonaqları bu rəngarəng görüntüləri mayın 29-na kimi izləmək imkanına malik olacaqlar.

Qeyd edək ki, indiyədək "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Festival xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasının dünyada təbliğinə öz töhfəsini verməkdədir. Layihə çərçivəsində hazırlanmış unikal müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilərək ictimaiyyətə təqdim olunub.

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya işgüzar səfərə gedib
24 aprel 2012 11:02

 

Elmar Məmmədyarov Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. XİN mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü nəzərdə tutulur.

Nazir Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.

Prezident İlham Əliyev Sumqayıtdadır
24 aprel 2012 10:28

 

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak etmişdir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov Prezident İlham Əliyevə məlumat verdi ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcəkdir. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.

Dövlətimizin başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi və müəssisənin altımərtəbəli inzibati binası ilə tanış oldu.

Bildirildi ki, inzibati bina bütün lazımi avadanlıq və inventarlarla təchiz olunmuşdur. Burada işçilərin səmərəli fəaliyyəti üçün hər cür imkan vardır. Zavod tam kompyuterləşdirilmiş, “Wi-Fi” şəbəkəsi yaradılmışdır. İşçilərin istirahəti üçün ayrıca sağlamlıq zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev inzibati binada ölkəmizdə alternativ və bərpa olunan enerji siyasətindən bəhs edən filmi izlədi.

Dövlətimizin başçısı binanın foyesində Azgüntex zavodunda hazırlanan günəş panellərinin nümunələrinə baxdı. Bildirildi ki, müəssisədə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcəkdir. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevə “min ev - min elektrostansiya” layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlmişdir. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcəkdir. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaqdır. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.

Dövlətimizin başçısı inzibati binadan Sumqayıt Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazini seyr etdi.

Sonra Prezident İlham Əliyev zavodun Günəş modulları istehsalı xətti ilə tanış oldu. Bildirildi ki, hazırda müəssisədə bir növbədə 33 nəfər işləyir. Üçnövbəli iş rejiminə keçdikdən sonra işçilərin sayı 130 nəfərə çatdırılacaqdır. Alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılmışdır.

Azərbaycan Prezidenti zavodu işə saldı və istehsal prosesini izlədi.

Diqqətə çatdırıldı ki, Günəş panellərinin istehsal olunduğu texnoloji xətdə proses tam şəkildə avtomatlaşdırılmışdır. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min Günəş paneli istehsal olunacaqdır. Hazırda avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 milyon LED çipi və 12 milyon LED lampası hazırlanacaqdır.

Sonra Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış oldu.

Məlumat verildi ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaqdır. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcəkdir. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.

Dövlətimizin başçısına Sumqayıt məişət tullantıları emalı zavodunun layihəsi barədə də məlumat verildi. Bildirildi ki, zavodun illik emal gücü 146 min ton olacaqdır.

Prezident İlham Əliyev Azgüntex zavodunun kollektivinə uğurlar arzuladı.

Səfir Hulusi Kılıç: “Ermənilərin “soyqırım” iddiaları yalan və iftiradır”
24 aprel 2012 10:15

 

“Erməni soyqırımı” iddiaları yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur”.

Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Səfir xatırladıb ki, 2005-ci ildə Türkiyənin baş naziri Ermənistana arxivlərin açılmasını, tarixi faktları olduğu kimi qəbul etməyi təklif etmişdi: “Lakin ermənilər bunu qəbul etmədilər. Tarixçilər tarix, siyasətçilər siyasətlə məşğul olmalıdır. Biz sülh və sabitlik istəyirik. Bütün olanlar dünyanı gözü önündədir, ermənilərin Azərbaycan torpaqlarındakı işğalı hələ bitməyib, lakin kimsə səsini çıxarmır və biz ikili standartların davam etdiyini görürük”.

Nazir: «Bakı-Ərzurum qaz boru kəmərinin gücü üç dəfədən çox artırıla bilər»
24 aprel 2012 07:50

 

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin illik nəqletmə gücü perspektivdə təxminən iki dəfə artırılaraq hazırkı 16 mlrd. kubmetrdən 30-35 mlrd. kubmetrə çatdırıla bilər.

 Bu, «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq və bu kəmər vasitəsi ilə nəql olunacaq əlavə 16 mlrd. kubmetrin nəqlinin təşkili üçün nəzərdə tutulur. Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

 N.Əliyevin sözlərinə görə, eyni zamanda perspektivdə Trans-Xəzər boru kəmərinin tikintisi və bu kəmər vasitəsi ilə Bakı-Tbilisi-Ərzurum kəmərinə Türkmənistan qazının nəql edilməsi baş verərsə, Bakı-Ərzurum kəmərinin gücünün hətta 55 mlrd. kubmetrə çatdırılması mümkündür. Lakin hələlik Transxəzər boru kəməri ilə bağlı hər hansı konkret nəticə yoxdur, halbuki N.Əliyevin sözlərinə görə, Azərbaycanın bu layihə ilə bağlı siyasi iradəsi var. Bu məsələdə hazırda Türkmənistanın mövqeyi qeyri-müəyyəndir, Azərbaycan isə öz tərəfindən özündən asılı olacaq bütün məsələləri həll etməyə hazırdır. N.Əliyev bildirib ki, Trans-Xəzər boru kəməri layihəsi üzrə danışıqlar hələ də davam edir.

 əvvəlki    38  39  40  41  42  43  44  45  46  47  48    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.