Azərbaycan prezidenti fransalı həmkarına təbrik məktubu göndərib
13 iyul 2012 17:11

 

Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Fransa Respublikasının milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin daim genişlənməsi zəminində əməkdaşlığımızın bir sıra sahələrdə dərinləşməsi tərəfdaşlığımızı səciyyələndirən amillərdəndir.

Biz Fransanın regionumuzda sülhün və sabitliyin bərqərar olması işinə maraq və dəstəyindən məmnunluq duyuruq. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səyləriniz sayəsində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə və ədalətli həlli işində tezliklə real nəticələr əldə olunacağına ümidlər bəsləyirik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və rifah diləyirəm”.

Rövnəq Abdullayev: “Azərbaycan enerji təhlükəsizliyini tam təmin edib”
13 iyul 2012 17:09

 

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına yeni Gəmiqayırma Zavodunun tikintisinə başlanıb ki, bu da regionun ən böyük zavodudur.

Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni tikiləcək zavod həmçinin Xəzər dənizində yeganə ən böyük layihədir: “ARDNŞ əməliyyatlarının 95%-ni dənizdə həyata keçirdiyi üçün Xəzər regionunda ən böyük gəmiqayırma zavodunun tikintisinə ehtiyac yarandı”.

R.Abdullayev qeyd edib ki, hazırda ARDNŞ-ın 300-dən artıq gəmisi var: “Bizim gəmilərə ehtiyacımız daha da artdığı üçün bu zavodun tikintisinə ehtiyac vardı. Zavod işə düşəndən sonra 1500-2000 nəfər insan işləyəcək”.

ARDNŞ prezidenti Azərbaycan enerji təhlükəsizliyini tam təmin etdiyini vurğulayıb: “Həmçinin ölkəmiz Türkiyə, Gürcüstan və bir sıra ölkələrin də enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. “Şahdəniz”, “Ümid”, “Abşeron” və bir sıra yataqların kəşf edilməsi Azərbaycanın karbohidrogen ehtiyatlarının həcmini daha da artırıb. Belə ki, çıxarıla bilən karbohidrogen ehtiyatları 4,5 mlrd. tona, proqnoz ehtiyatları isə 10 mlrd. ton həcmindədir. Şirkət artıq bir sıra ölkələrdə beynəlxalq layihələr həyata keçirməkdədir”.

Prezident İlham Əliyev Kubanın Azərbaycandakı səfirini qəbul edib
13 iyul 2012 12:57

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini dedi və səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulandı, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

İrana səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq
13 iyul 2012 12:52

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İrana səfər edərkən ehtiyatlı olmağa çağırıb. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"İranda saxlanılan Azərbaycan şairləri ilə bağlı insident bunun aydın təsdiqidir. Niyə Azərbaycan vətəndaşları özünü Azərbaycanın dostu adlandıran ölkənin ərazisində belə hallarla üzləşməlidir?", - Abdullayev deyib.

Xatırladaq ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda itkin düşüblər.           

İyulun 14-ü Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
13 iyul 2012 12:51

 

Bakıda Milli Parkda iyulun 14-də bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.

Sabah Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
13 iyul 2012 12:51

 

Bakıda Milli Parkda iyulun 14-də bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.

Elmar Məmmədyarov İrandan həbsdə olan azərbaycanlı şairlərlə görüşə şərait yaradılmasını tələb edib
13 iyul 2012 07:59

 

XİN başçısı iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatlığını İran rəhbərliyinin diqqətinə çatdırmasını da istəyib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 12-də İran İslam Respublikasının təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin hazırkı durumu və regionunda cərəyan edən proseslərə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov iki ölkə arasında müştərək mədəniyyət, ortaq tarix və qonşuluq münasibətlərini nəzərə alaraq, ortaya çıxan ziddiyyətlərin ikitərəfli münasibətlərə uyğun gəlmədiyini vurğulayıb.

Nazir Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda hələ də saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını deyib, beynəlxalq qanunvericiliyə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəliyinin, konsulunun bu şəxslərlə görüşünə şərait yaradılmasını tələb edib.

XİN başçısı iranlı nazirdən Azərbaycan hökumətinin ciddi narahatlığını İran rəhbərliyinin diqqətinə çatdırmasını istəyib.

XİN: Azərbaycan etimad mühiti formalaşdırmaq məqsədilə erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulmasına dair təşəbbüsləri dəstəkləyir
13 iyul 2012 07:56

 

“Azərbaycan tərəfi həmişə Azərbaycan Respublikası Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tərəfdar olub.

 Biz bu icmaların bir-biri ilə ünsiyyət qurmasına və münaqişənin nizamlanmasına öz töhfəsini verməsinə tərəfdarıq”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qoşulması ilə bağlı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun fikirlərini belə şərh edib.

 Elman Abdullayev bildirib ki, Azərbaycan etimad mühiti formalaşdırmaq məqsədilə erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulmasına dair müxtəlif səviyyələrdə irəli sürülən təşəbbüsləri dəstəkləyir: “Hesab edirik ki, bu kimi görüşlər etimad mühitinin formalaşmasına müsbət təsir göstərə, həmçinin münaqişənin nizamlanmasına töhfə verə bilər”.

Nazir: "Turistləri Azərbaycana qaytarmağa nail olmaq lazımdır"
13 iyul 2012 07:22

 

"Azərbaycanda turizm obyektlərinin göstərdiyi xidmətlərin səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaqla hər bir qonağı ölkəmizə qaytarmağa nail olmaq lazımdır". Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun (ATİ) 3-cü məzun buraxılışı mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, kadr hazırlığı turizm sənayesi üçün ən əhəmiyyətli yer tutur.

"Artıq 3-cü dəfədir ki, bu institut məzun buraxılışı həyata keçirir. Bu gün ATİ-də həm bakalavriat, həm magistratura, həm də doktorantura üzrə tədris planları həyata keçirilir. ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. ATİ-nin məzunları artıq dünyanın bütün yerlərində diplomları tanınaraq işə qəbul oluna bilərlər", - nazir qeyd edib.

O bildirib ki, artıq bır sıra xarici ölkələrin də tələbələri ATİ-də təhsil alırlar.

Nazir ATİ-nin məzunlarının turizmin inkişafı üçün var qüvvələri ilə çalışacaqlarına əminliyini də bildirib.

ATİ-nin rektoru Cəfər Cəfərov isə deyib ki, institut ölkə başçısı İlham Əliyevin 2005-ci ilin 25 avqustunda verdiyi fərmanla yaradılıb.

Hazırda ATİ-də bakalavriat səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və beşulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlayıb. 2010-2011-ci tədris ilindən etibarən ATİ-də magistratura səviyyəsində 3 ixtisas üzrə 19 tələbə təhsil almağa başlayıb. Hazırda bu təhsil səviyyəsi üzrə 41 nəfər təhsilini davam etdirir. 2011-2012-ci tədris ilindən etibarən isə institutda doktoranturaya qəbul başlayıb. Hazırda ATİ-də 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktoru üzrə təhsil alır.

Cəfər Cəfərov deyib ki, son 2 ildə ATİ-də məzun olanların sayı 288 nəfərdir.

Qeyd edək ki, Əbülfəs Qarayev tədbirdə Avstriya hökumətinin "Qızıl" medalı ilə təltif edilib. Mükafatı nazirə Avstriya hökuməti adından həmin ölkənin Azərbaycandakı səfiri təqdim edib. Mükafat nazirə iki ölkə arasında turizm sahəsi üzrə ikitərəfli əlaqələrin inkişafına töhfəyə görə verilib.

Nazir ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılmasının səbəblərini açıqladı
13 iyul 2012 07:07

 

Ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır. Bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Həmin ali təhsil müəssisələrində jurnalistika hazırlığının keyfiyyəti ilə bağlı müəyyən monitorinqlər keçirilib və bu nəticəyə gəlinib", - o deyib.

Onun sözlərinə görə, bu qərar hansısa qurum tərəfindən deyil, komissiyanın gəldiyi qərardır.

"Bu komissiyanın üzvü kimi həmin qərara hörmətlə yanaşıram", - nazir deyib.

Mərdanov növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistika ixtisasına qəbulun bərpa olunacağını deyib.

"Əgər keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, gələcəkdə bu ixtisas qəbul aparıla bilər", - Mərdanov deyib.

Azərbaycanın xarici işlər naziri Bosniya və Herseqovina səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
12 iyul 2012 05:52

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri Dragoljub Lgepoganı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib və gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir fəaliyyəti dövründə Bosniya və Herseqovina ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub
12 iyul 2012 05:49

 

İyulun 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirildi. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

İyulun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
12 iyul 2012 05:46

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25° isti, gündüz 30-35° isti olacaqdır.

Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19°, gündüz 27-32° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb
11 iyul 2012 07:27

 

Bakıda polis əməkdaşı bıçaqlanıb. Bu barədə Klinik Tibbi Mərkəzdən bildirilib.

Hadisə ötən gecə Bakının Yasamal rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə polis baş-leytenantı Emin Məmmədovun xidməti vəzifəsini yerinə yetirdiyi zaman törədilib. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttinin qarşı tərəfinə keçiblər
11 iyul 2012 07:25

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilir.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) təmas xəttinin qarşı tərəfinə keçiblər. ATƏT nümayəndələri jurnalistlərə açıqlama verməyiblər. Onlar Dağlıq Qarabağda və İrəvanda danışıqlar aparacaqlarını bildiriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçirir.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle izləyir.

Prezident İlham Əliyev Monqolustan prezidentini bu ölkənin Milli bayramı münasibətilə təbrik edib
11 iyul 2012 07:24

 

Azərbaycan prezidenti İlham Əliyev Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorju bu ölkənin Milli bayramı – Xalq inqilabı günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: «Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı – Xalq inqilabı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və rifah diləyirəm».

Mehriban Əliyeva: ""Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə təşkili hələ də dünya mətbuatının gündəmindədir"
11 iyul 2012 05:53

 

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək dedi: “Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir”.

Mehriban xanım Əliyeva 57-ci “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğuladı. Azərbaycanın birinci xanımı qeyd etdi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olmuşdur. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban xanım Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğuladı. Fondun prezidenti Azərbaycanın “Eurovision” müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırdı.

Azərbaycanı “Eurovision-2012”də təmsil edən xalq artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını dedi. 

Sonda xatirə şəkli çəkdirildi.            

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatının nümayəndə heyəti ilə görüşüb
11 iyul 2012 05:52

 

İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.

Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonaqlara məlumat verdi. Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini deyən Mehriban xanım Əliyeva qurumun müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə bir çox layihələr həyata keçirdiyini bildirdi. BMT ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edən Heydər Əliyev Fondunun prezidenti bu təşkilatla birlikdə bir neçə müştərək layihənin reallaşdırıldığını qeyd etdi. Azərbaycanın birinci xanımı gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Mehriban xanım Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Fondun prezidenti Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğuladı. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun da qeyri-hökumət təşkilatı kimi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Fondun bir çox nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən UNİCEF və UNESCO ilə uğurlu əməkdaşlığından danışdı. Mehriban xanım Əliyeva bu əməkdaşlığın FAO ilə də uğurlu istiqamətdə qurulacağına əmin olduğunu bildirdi.

Görüşə görə təşəkkür edən FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olundu.

Azərbaycan prezidenti TQDK əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb
10 iyul 2012 15:23

 

Azərbaycan prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə TQDK-nın aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Babayev Namiq Əsgər oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 Bağırov Arzu Heydər oğlu

 Batıyeva Afiqə Həsən qızı

 Rüstəmov Çingiz İzzət oğlu

Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzinə direktor təyin edib
10 iyul 2012 15:20

 

Heydər Əliyev Mərkəzinə direktor təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Heydər Əliyev Mərkəzinin direktoru təyin olunub. Anar Ələkbərov bu təyinatadək Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsini tuturdu.

 əvvəlki    16  17  18  19  20  21  22  23  24  25  26    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.