Prezident İlham Əliyev Olimpiya çempionlarımızı təbrik edib
12 avqust 2012 16:37

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibəti ilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik etmişdir.

Bu barədə Prezidentin mətbuat xidməti bildirib.

Dövlətimizin başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulamışdır.

Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı
12 avqust 2012 16:36

 

Azərbaycan güləşçisi Şərif Şərifov finalda rəqibini məğlub etdi.

Sərbəst güləş üzrə yarışda 84 kq çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan güləşçisi Şərif Şərifov finalda Puerto-Riko təmsilçisi Hayme Espinalı məğlub edərək Olimpiadanın çempionu oldu!

Azərbaycanın olimpiya tarixində daha bir rekord göstərici
12 avqust 2012 16:35

 

Azərbaycanlı olimpiya çempionu Toğrul Əsgərov yeni rekordçu olub. 

London Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz bununla da ən gənc Olimpiya çempionumuz olub. 60 kq-da çıxış edən Toğrul buna ad gününə az qalmış nail olub. Belə ki, o, 1992-ci ilin sentyabrın 17-də Gəncədə anadan olub və 20 illik yubileyinə 37 gün qalmış karyerasında ən böyük uğuruna imza atmaqla özünə ən yaxşı hədiyyə edib. Əsgərovla eyni gündə Olimpiya çempionu olan digər sərbəst güləşimiz Şərif Şərifov da gənc idmançı olsa da, ondan 4 yaş böyükdür.

Azərbaycan gimnastı Aliyə Qarayeva London Olimpiadasında 4-cü oldu
11 avqust 2012 17:01

 

Azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasında çıxışını başa vurub.

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasında növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz final mərhələsində ən güclü olmağa çalışıb.

Qeyd edək ki, Qarayeva təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparırdı. Gimnastımız iki gün ərzində keçirilən təsnifat yarışlarını bütövlükdə 111.850 xalla üçüncü sırada tamamlamışdı və bu, finala çıxmaq üçün yetərli olmuşdu.

Bu gün Aliyə olimpiya medalını qazanmaq üçün çalışıb. Bu yolda onun 9 rəqibi var idi. Onunla yanaşı finala adlayan gimnastlar arasında yalnız iki nəfər təsnifat yarışları zamanı Azərbaycan təmsilçisindən daha yaxşı nəticə göstərmişdi. Bunlar rusiyalı Yevgeniya Kanayeva (116.000) və Dariya Dmitriyevadı (114.525). Bunlardan əlavə Silviya Miteva (Bolqarıstan, 110.925), Lyuba Çarkaşina (Belarus, 110.450), Yeon Son (Cənubi Koreya, 110.300), Alina Maksimenko (Ukrayna, 110.025), Yoanna Mitroş (Polşa, 109.750), Neta Rivkin (İsrail, 108.900), Ganna Rizatdinova (Ukrayna, 108.850) da Aliyə ilə mübarizə aparmaq şansına malik idi.

Finalda da atletlər dörd növ üzrə çıxış ediblər. Öncə həlqə ilə hərəkətlər yerinə yetirilib ki, bu zaman Aliyə səhnəyə 8-ci sırada çıxıb. O, ilk cəhdindən 27.925 xalla ayrılıb və 10 idmançı arasında altıncı olub. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində Aliyə həlqə ilə hərəkətlərdə 27.450 xal toplaya bilmişdi.

Bundan sonra topla hərəkətlər olub. 6-cı sırada səhnəyə çıxan Aliyə 27.825 xal toplaya (təsnifat mərhələsində 28.350 xal toplamışdı) bilib. 55.750 xala malik təmsilçimiz iki hərəkətin cəminə görə ümumi sıralamada beşinci yeri tutub.

Gürzlə hərəkətlərdə Qarayeva 4-cü sırada çıxış edib. O, 27.575 xal (təsnifatda daha yaxşı nəticə göstərmişdi - 27.850) toplayıb. Ümumi xalını 83.325-ə çatdıran bu dəfə dördüncü olub.

Ən sonda lentlə hərəkətlər yerinə yetirilib. Səhnəyə ikinci çıxan Aliyə bu dəfə 28.250 xal yığıb (təsnifatda 28.200 toplamışdı).

Beləliklə, dörd hərəkətin cəmində 111.575 bal yığan Qarayeva sonda yalnız dördüncü yeri tutub.

Lerikə istirahətə gedən qadın 150 metr hündürlükdən dərəyə yıxılaraq ölüb
11 avqust 2012 17:00

 

Onu xilas etmək üçün dərəyə enən üç nəfər müxtəlif bədən xəsarətləri alıb

 Meyiti və yaralıları dərədən FHN-nin xilasediciləri çıxarıb

Azərbaycanın Lerik rayonunda bədbəxt hadisə baş verib. Lerik Rayon Prokurorluğundan Cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da saat 22.30 radələrində Lənkəran-Lerik şose yolunun 22-ci kilometrliyində - istirahət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb. Istirahət mərkəzindən geri qayıdan Bakı şəhər sakini, 24 yaşlı Günay Mirzağa qızı Babayeva əhvalının pisləşdiyini görüb sürücüdən maşını saxlamağı xahiş edib. Maşından düşən Günay Babayeva qəfildən sürüşərək təqribən 150 metrlik dərəyə yuvarlanıb. Bunu görən maşındakı digər sərnişin - Bakı şəhər sakini, 25 yaşlı Səid Tofiq oğlu Əliyev onu xilas etmək üçün dərəyə düşüb. Onların hər ikisindən xəbər çıxmayıb, buna görə Lənkəran şəhər sakinləri, 26 yaşlı Cavid Ədalət oğlu İsayev və 23 yaşlı Zaur Məsləhət oğlu Quluzadə onların ardınca dərəyə düşməyə cəhd ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb. Xilasedicilərin səyləri ilə dağ çayının kənarındakı dərədən Günay Babayevanın meyiti və müxtəlif bədən xəsarətləri almış digər üç yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub
11 avqust 2012 16:56

 

İranda episentri Təbriz şəhəri olan güclü zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi İranda baş vermiş və Azərbaycanda hiss edilən zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən daxil olan məlumata görə, zəlzələ İranın Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-də 6.2 baş gücündə baş verib. Daha sonra saat 17:30-da 6.2, 17:34-də 6.6 və 17:49-da 6.2 magnituda gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2 bala qədər hiss olunub. Bu rayonlar Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələridir.

Azərbaycan ərazisində insan tələfatı yoxdur.

Azərbaycan boksçusu Olimpiya Oyunlarının bürünc medalını qazanıb
11 avqust 2012 04:27

 

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov (91 kq) Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Yarımfinalda italyan boksçu Roberto Kammarelle ilə qarşılaşan Məcidov birinci raundda 6:4 hesabı ilə qələbə qazandı. Lakin ardınca gələn iki raundda Kammarelle üstün olub - 4:6 və 2:3.

Avqustun 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
11 avqust 2012 04:26

 

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-27, gündüz 32-37 dərəcə isti olacaqdır.

Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava gündüz əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 14-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 21-25, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava gündüz əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 18-23, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Prezident təqaüdünə təqdim olunacaq
10 avqust 2012 17:30

 

Məleykə Abbaszadə: “Ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alacaq”

Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmək üçün təqdim olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alacaq.

Abbaszadə bildirib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında, və yaxud “Abituriyent” jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.

Azərbaycan gimnastı Aliyə Qarayeva Olimpiadanın finalında
10 avqust 2012 17:27

 

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışların ikinci günündə Azərbaycan gimnastı Aliyə Qarayeva mübarizəyə qoşulub.

Çoxnövçülük üzrə keçirilən yarışın ikinci günündə gimnastlar gürz və lentlə hərəkətlərdə bacarıqlarını göstəriblər.

Qarayeva gürzlə hərəkətlərinə görə 27.850, lentlə hərəkətlərdə isə 28.200 bal toplayıb.

Qeyd edək ki, dünən Qarayeva 24 idmançının iştirak etdiyi təsnifat mərhələsində əvvəlcə halqa ilə məharətini nümayiş etdirib. Gimnastımız hakimlərdən 27.450 bal alıb. Sonra topla kompozisiyasını təqdim edib 24 yaşlı Avropa çempionumuz 28.350 bal toplayıb.

Dörd hərəkətin cəminə görə 111.850 bal yığan Qarayeva 24 gimnast arasında 3-cü yeri tutaraq finala yüksəlib.

Qaydalara görə, təsnifat mərhələsinin yekununa əsasən, 10 ən güclü idmançı finala yüksəlir.

Final yarışlarına sabah start veriləcək.

Avqustun 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
10 avqust 2012 05:36

 

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-25, gündüz 32-36 dərəcə isti olacaq.

Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir.

Temperaturun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23, gündüz 29-34 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 21-25, gündüz 31-36, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 10-dan 12-dək Abşeron yarımadasında mülayim xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Ermənistan ordusu 9 istiqamətdə atəşkəsi pozub
10 avqust 2012 05:33

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində; işğal olunmuş Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan; Ağdam rayonunun Şıxlar; Cəbrayıl rayonunun Mehdili; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycan güləşçisi Londonda bürünc medal qazandı
10 avqust 2012 05:31

 

55 kq çəkidə qadın güləşçimiz Yuliya Ratkeviç Rusiya təmsilçisi Valeriya Jolobovanı məğlub edərək Olimpiadanın bürünc medalını qazandı!

Azərbaycanda havanın hərarəti 2-3 dərəcə aşağı düşəcək
09 avqust 2012 17:53

 

Bazar günü bəzi bölgələrdə havanın hərarəti 40 dərəcəyə çatacaq

Yaxın iki gün ərzində Azərbaycan havalar bir qədər sərinləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, avqustun 10, əsasən də 11-də qısamüddətli şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu 2-3 dərəcə aşağı enəcək: “Ayın 10-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 32-36 dərəcə, avqustun 11-də 30-35 dərəcə isti gözlənilir”.

Azərbaycanın rayonlarında avqustun 10 və 11-də hava əsasən yağmursuz keçəcək. Ayın 10-da Aran rayonlarında havanın temperaturu 33-38, dağlarda 24-29 dərəcə olacaq: “Ayın 11-də də bölgələrdə temperatur 33-38 dərəcə olacaq. Lakin ayın 12-də bəzi yerlərdə 40 dərəcə isti gözlənilir”.

Türkiyənin baş naziri Azərbaycana gələcək
09 avqust 2012 16:01

 

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub.

Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.

Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır.

Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb.

Mübariz Qurbanlı: "Suriyada baş verən hadisələr sabitliyin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir"
09 avqust 2012 15:59

 

Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həm hökumət qoşunları, həm də müxalifətin silahlı birləşmələri döyüşlərdə heç nəyə baxmadan, böyük dağıntılar, insan qırğınları törədirlər.

"Bütün bunlar dünyadakı mövcud qayda-qanunlar, humanizm baxımından yaxşı hadisələr deyil, əksinə, pis nümunələr yaradır", - millət vəkili deyib.

Qurbanlı bildirib ki, bu hadisələr bütövlükdə bölgə üçün böyük təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, Suriyaya hansısa xarici müdaxilənin olmasının bölgədə müharibəyə gətirib çıxaracağı aydın şəkildə özünü göstərir.

"Ona görə də ölkə daxilindəki qırğınların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi mandat üzrə xüsusi nümayəndələr çalışır. Amma bu nümayəndələrin fəaliyyəti istənilən nəticəni vermir. Döyüşlər dayanmayıb, əksinə, daha geniş xarakter almaqdadır. Hər iki tərəf ağır texnikadan, artilleriyadan, aviasiyadan istifadə edir. Hətta kimyəvi silahların işə düşəcəyi ehtimalı var. Bütövlükdə, bu hadisələr onu göstərir ki, dünya çapında yeni bir mərhələ başlanıb", - Qurbanlı bildirib.

YAP icra katibinin müavini qeyd edib ki, dünyada geopolitik mübarizə və bu mübarizədə istifadə olunan üsullar dəyişib. Bu gün açıqdan-açığa kütləvi olaraq silahlardan istifadə edildiyini deyən Qurbanlının fikrincə, ərəb ölkələrində baş verən hadisələrin gedişatı göstərir ki, bütün bunların arxasında heç də demokratik dəyişikliklər, xeyirxah məqsədlər, uzun müddət hakimiyyətdə olan qüvvəni devirmək yox, sırf geopolitik maraqlar dayanır.

Qurbanlı həmçinin vurğulayıb ki, xüsusilə dünyanın coğrafi baxımdan, əlverişli məntəqələrinə nəzarət və bu fonda enerji yataqlarına nəzarət, bunun sayəsində isə dünya çapında hegemon ölkələrin öz maraqlarını ifadə etməsi dayanır.

"Kənardan belə görünür ki, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ölkəyə yeni bir dövr, yeni sistem gətirmək istəyirlər. Amma biz görürük ki, bu yeni sistem uğrunda mübarizə deyil. Xaricdən Suriya hakimiyyətinə qarşı qüvvələri dəstəkləyənlər doğurdan da, insan hüquqlarının pozulmasına qarşı çıxış edirlərsə, onda nə üçün işğalçılıq nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın taleyinə laqeydlik göstərirlər", - Qurbanlı bildirib.

Onun fikrincə, bu proseslərdə heç də məqsəd demokratik sistemi ərəb ölkələrinə gətirmək deyil. Burada alt qatda başqa məqsədlər dayanır. Bu məqsədlər geopolitik, enerji yataqlarına nəzarət, həmçinin dünya coğrafiyasında gedən mübarizədə öz sözünü deməkdir.

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
09 avqust 2012 15:56

 

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yamanı təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımızı yetirir, dost Sinqapur xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq
09 avqust 2012 15:54

 

Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun adı əbədiləşdiriləcək.

Trend-in məlumatına görə, Ələsgərovun vida mərasimində çıxışında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu barədə məlumat verib və qeyd edib ki, onun adının əbədiləşdirilməsi məqsədilə müvafiq qərar qəbul olunub.

Məhərrəmovun sözlərinə görə, Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq, alimin 85 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək. Həmçinin universitetdə alimin adına xüsusi auditoriya yaradılacaq. Sistematik olaraq, alimin doğum günləri ərəfəsində beynəlxalq elmi konfranslar keçiriləcək.

Ələsgərov uzun sürən xəstəlikdən sonra avqustun 7-də 84 yaşında Bakıda dünyasını dəyişib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.

1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini idi.

Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

Londonda işgüzar səfərdə olan Prezident İlham Əliyev Devid Kemeron ilə görüşüb
07 avqust 2012 12:04

 

Londonda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşmüşdür.

Prezident İlham Əliyevi Baş nazir Devid Kemeron qarşıladı.

Azərbaycan Prezidenti və Böyük Britaniyanın Baş naziri rəsmi foto çəkdirdilər.

Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulandı. Qeyd edildi ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq vardır və bu əlaqələrin perspektivləri böyükdür.

Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirildi.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək
07 avqust 2012 12:03

 

Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı verilən məlumata görə, avqustun 8-də ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41,dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 əvvəlki    9  10  11  12  13  14  15  16  17  18  19    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.