Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
16 avqust 2012 16:25

 

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılmışdır.

Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.

Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.

Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16 “ailə baxış otağı” da inşa edilmişdir. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur.

Qeyd edildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilmişdir. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunmuşdur. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılmışdır.

Məlumat verildi ki, stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulmuşdur. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılmışdır.

Bildirildi ki, stadionda əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulmuş, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilmişdir.

Diqqətə çatdırıldı ki, stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilmişdir. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulmuşdur.

Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülmüşdür.

Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Elmar Məmmədyarov Avstriyaya səfər edəcək
16 avqust 2012 16:19

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İqtisadi artım sosial yönümlü və ekoloji cəhətdən davamlı ola bilərmi?" mövzusunda keçiriləcək "Zalsburq trilogiyası" Konfransında iştirak etmək üçün avqustun 17-19-da Avstriyanın Zalsburq şəhərinə səfər edəcək.

XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Avstriya rəsmiləri, digər ölkələrdən olan iştirakçılar ilə ikitərəfli görüşləri və eyni zamanda tədbirdə çıxışı nəzərdə tutulub.

Ümummilli lider Heydər Əliyev haqqında film çəkilir
16 avqust 2012 16:18

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə nazirliyin rəsmi saytı xəbər verir.

Cari ilin iyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcək.

Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.

Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksandr Andreenko, Emmanuil Vitorqan və Yuriy Stoyanov kimi aktyorların iştirakı nəzərdə tutulur.

Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu Rusiyalı aktyor Aleksandr Nikitin ifa edəcək.

Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev", "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.

TQDK orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə vermək istəyən abituriyentlərə müraciət edib
16 avqust 2012 06:23

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə vermək istəyən abituriyentlərə müraciət edib.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər.

Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməlidir.

Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə www.netmoney.az (www.portmanat.az) internet ünvanlarından əldə etmək olar.

Virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər isə Azercell, Baksel və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə Rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.        

Kəmaləddin Heydərov: “Zəlzələ bölgəsində məktəb binaları sentyabrın 15-dək, tikintisinə əvvəllər başlanan fərdi evlər isə oktyabrın ortalarınadək istifadəyə veriləcək”
16 avqust 2012 06:21

 

Azərbaycan fövqəladə hallar nazirinin iştirakı ilə Zaqatala Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

 “Zəlzələ bölgəsində məktəblərin tikintisini yəqin ki, tədris ilinin başlanğıcına - sentyabrın 15-dək yekunlaşdıracağıq. Komissiyaların verdiyi ilk rəylər əsasında tikintisinə başlanan fərdi evlərin inşası isə hesab edirik ki, oktyabrın ortalarına başa çatacaq”. APA-nın yerli bürosunun məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala Rayon İcra Hakimiyyətində əlaqədar qurumların nümayəndələri və tikinti təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sonradan tikintisinə başlanan evlər də soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcək.

K. Heydərov müşavirədən əvvəl rayonların İcra Hakimiyyəti başçıları və iş icraçıları ilə birlikdə tikinti aparılan ərazilərə baxış keçirdiklərini deyib: “Tikinti işlərinin sürəti normaldır. Komissiyaların verdikləri ilk rəylər əsasında demək olar ki, hər yerdə tikinti işlərinə başlanıb. Əhalinin müraciətlərinə əsasən, komissiyalar hələ də yerlərdə yoxlamaları davam etdirir, fərdi evlərə təkrar baxış keçirilir. Hazırda zəlzələ bölgəsində 12 işçi qrupu fəaliyyətini davam etdirir”.

Nazirin sözlərinə görə, artıq 3200-ə yaxın evdə tikinti işlərinə başlanıb: “Təkrar yoxlamalar zamanı Şəki də daxil olmaqla, 4 rayonda daha 513 fərdi evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib və hazırda onların da tikintisinə başlanıb. Eyni zamanda, əlavə olaraq 2 mindən artıq evin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edilib. Bərpa-gücləndirmə işləri də tikinti şirkətləri tərəfindən həyata keçiriləcək”.

Avqustun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
16 avqust 2012 06:09

 

Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Temperatur gecə 21-26, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 30-40 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 14-18, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə olacağı gözlənilir.

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının rəhbərini qəbul edib
16 avqust 2012 06:06

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul etmişdir.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov 1993-cü ildə Azərbaycana ilk səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü məmnunluqla xatırladı. O, ötən dövr ərzində respublikamızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.

Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan Kirsan İlümjinov rəhbərlik etdiyi təşkilata daxil olan 177 ölkədən ilk dəfə olaraq Azərbaycanda şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramının qəbul olunmasının və bu proqramın uğurla həyata keçirilməsinin önəmini qeyd etdi. Kirsan İlümjinov Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının təkliflərini diqqətə çatdırdı.

Azərbaycanlı şahmatçıların müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nəticələrin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin ardıcıl olaraq həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı təklifləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan olimpiyaçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
15 avqust 2012 07:42

 

Azərbaycana qayıtmış Azərbaycan olimpiyaçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Bu gün səhər XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət, idman federasiyalarının nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.

Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.

Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
15 avqust 2012 07:34

 

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.

Sonra şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına yeni iqamətgah barədə məlumat verdi.

Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir.

Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.

Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçün də müvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırdı. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin durmadan artan beynəlxalq nüfuzunun daha bir əyani nümunəsi kimi dəyərləndirdi. Respublikamızda milli mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətlərini vurğulayan şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpası istiqamətində dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. O, qeyd etdi ki, əgər sovet dövründə respublikamızda cəmi 18 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı iki minədəkdir.

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı.

Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev müqəddəs Ramazan bayramı münasibətilə Şimali Qafqaz xalqlarının ən xoş arzularını Prezident İlham Əliyevə və mərasim iştirakçılarına çatdırdılar.

Onlar ölkəmizə hər səfərlərində sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını qeyd etdilər.

Prezident İlham Əliyev iftar mərasimində çıxış etdi.

Dövlətimizin başçısı gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğuladı.

Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğuladı. Dövlətimizin başçısı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını ölkəmizin hərtərəfli inkişafının əyani nümunəsi və bu sahənin tərəqqisi üçün dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətlərinin olduğunu və onun beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını bildirdi.

Dövlətimizin başçısı iftar mərasimi iştirakçılarına və xalqımıza Ramazan ayı münasibətilə ən xoş arzularını çatdırdı.

Sonra iftar süfrəsi açıldı.

Abituriyentlərin nəzərinə!
15 avqust 2012 07:30

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən və ixtisas seçiminə buraxılan abituriyentlərə xəbərdarlıq edib.

Komissiyadan çərşənbə günü verilən məlumata görə, 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılır.

İxtisas seçimi sabah saat 23:59-da başa çatacaq. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər. Avqustun 15-i saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanında keçiriləcək İslam Zirvə Toplantısında iştirak edəcək
14 avqust 2012 08:36

 

Avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığında İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbduləziz əl Səud tərəfindən sözügedən Zirvə Toplantısına dəvət edilib.

Zirvə Toplantısında Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Bu məqsədlə xarici işlər naziri Elmar Məmmədyarov avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərinə səfər edəcək.

Sabah Bakıda havanın temperaturu 40 dərəcə təşkil edəcək
14 avqust 2012 08:35

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Avqustun 15-16-da Abşeron yarımadasında günəşli hava şəraitinin davam edəcəyi, zəif cənub küləyinin əsəcəyi gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq.

Prezident İlham Əliyev: "İslamı terror ilə bağlamaq cəhdləri böyük günahdır, böyük cinayətdir"
13 avqust 2012 15:13

 

Bir neçə gündən sonra müsəlman aləmi üçün müqəddəs Ramazan bayramının qeyd ediləcəyini deyən Prezident İlham Əliyev bildirdi ki, bayram ərəfəsində müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş artıq ənənəyə çevrilmişdir. İldən-ilə Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artdığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd etdi ki, müsəlman ölkələri ilə sıx əməkdaşlığımız vardır. Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir.

Azərbaycan Prezidenti dedi ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə də məhz müsəlman ölkəsi - Pakistan olmuşdur. Buna görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirən Prezident İlham Əliyev dedi ki, ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərmiş və onlar da ermənilərin məscidləri və digər müqəddəs abidələri məhv etdiklərinin şahidi olmuşlar.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan İslam həmrəyliyinə böyük əhəmiyyət verir və Bakının da İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam aləminin ölkəmizə verdiyi böyük dəstəkdir. “İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərin təməlində İslam dəyərləri dayanır”, - deyən Prezident İlham Əliyev İslam aləminin həmrəyliyinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bütün müsəlman ölkələrinə sülh arzuladı, Yaxın Şərqdə gedən proseslərlə bağlı dövlətimizin Ərəb Liqasının mövqeyini dəstəklədiyini vurğuladı. dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın önəminə də toxunan Prezident dedi: “İslamı terror ilə bağlamaq cəhdləri böyük günahdır, böyük cinayətdir”.

Sonda dövlətimizin başçısı qarşıdan gələn Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərinə öz ölkələrinin dövlət və hökumət başçılarına təbriklərini çatdırmağı xahiş etdi.

Müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Qarşıdan gələn Ramazan bayramı münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışdı.

Hulusi Kılıç dünyada hökm sürən maliyyə böhranı zamanı Azərbaycanın iqtisadi inkişafı, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bu gün də uğurla davam etdirilməsi, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən də ətraflı danışdı.

“Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirildiyini deyən səfir Beynəlxalq Muğam festivallarının da böyük maraqla qarşılandığını vurğuladı.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsəlman dünyasının nümayiş etdirdiyi dəstəyi də yüksək qiymətləndirdi.

Sonda xatirə şəkli çəkdirildi.

İdmançılarımızın Londondan Bakıya gələcəyi tarix dəqiqləşdi
13 avqust 2012 15:09

 

Londonda tarixi qələbəyə imza atan Azərbaycan olimpiyaçılarının vətənə qayıdacaqları tarix müəyyənləşib. 

Milli Olimpiya Komitəsinin nəşriyyat və informasiya idarəsinin rəhbəri Camaləddin Rəhmanovun Apasport.az saytına verdiyi məlumata görə, nümayəndə heyətimiz Böyük Britaniya paytaxtını sabah tərk edəcək.

Komandamızı gətirəcək təyyarə yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə saat 02:05) Bakıya üz tutacaq. Hansısa ləngimə olmasa, təyyarə 07:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq.

Qeyd edək ki, Azərbaycan idmançıları London Olimpiadasında 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycandakı səfirini qəbul edib
13 avqust 2012 15:08

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirdi. Koreya Respublikasına son səfərini xatırlayan Prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu dedi və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd etdi.

Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğuladı və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Han Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrə görə dövlətimizin başçısını təbrik etdi.

Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Azərbaycanda 600 bakalavr müsabiqənin nəticələrini gözləyir
13 avqust 2012 06:30

 

2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul üçün "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi müddəti yekunlaşıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bazar ertəsi bildirib ki, 1373 vakant yer üzrə aparılan müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi apararaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib.

Əliyev bildirib ki, müsabiqənin nəticələrinin bu gün axşam və ya sabah açıqlanağı gözlənilir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-dən 13-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyiblər.

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

İranın Şərqi Azərbaycan əyalətində yenidən güclü zəlzələ baş verib
13 avqust 2012 06:22

 

İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu gün saat 06:26-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, avqustun 11-də İranın şımalı-qərbində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 300-ü, yaralıların sayı isə 2 min nəfəri keçib.

Zəlzələnin episentri olan Əhər, Vərzəqan və Həris şəhərlərində 110 kəndin tamamilə və ya qismən dağıldığı bildirilir.

Londonda XXX Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib
13 avqust 2012 06:20

 

Olimpiya stadionunun ortasında quraşdırılmış məşhur Biq-Benin simvolik surətinin zəngləri tədbirin başlanması barədə xəbər verdi.

Londonda XXX Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilmişdir.

XXX London Yay Olimpiya Oyunlarının bağlanış mərasimi dünya ölkələri olimpiyaçılarının yürüşü ilə başlanmışdır. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulmuşdur. Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.

Oyunların bağlanış mərasimində “Britaniya musiqisi simfoniyası” konserti olmuşdur. Konsertdə müasir kompozisiyalar və klassik musiqi əsərləri səslənmişdir. Konsert çərçivəsində ingilis bəstəkarı Edvard Elqarın əsərləri səslənmiş, “Muse” qrupu Adel, Corc Mayklın mahnılarını ifa etmişdir.

“Britaniya musiqisi simfoniyası” konsertində dörd mindən çox musiqiçi iştirak etmişdir.

XXX London Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli təntənəli surətdə söndürülmüşdür. Sonra üç ölkənin – Olimpiya oyunlarının vətəni Yunanıstanın, Böyük Britaniyanın və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın bayraqları qaldırılmışdır.

Xatırladaq ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növündə 53 idmançı təmsil etmişdir. Olimpiya oyunlarında Azərbaycan idmançıları on medal, o cümlədən iki qızıl, iki gümüş və altı bürünc medal qazaılmışdır.

Avqustun 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
13 avqust 2012 06:17

 

Bakıda və Abşeron yarımadasında  hava günəşli keçəcək. Temperatur gecə 22-27, gündüz 34-38 dərəcə isti olacaq.

Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18, gündüz 29-33 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 32-37 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 37-39, bəzi yerlərdə 42 dərəcə olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 22-25, gündüz 34-39, dağlarda gecə 19-21, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan London Olimpiadasında 10-cu medalını qazandı
12 avqust 2012 16:39

 

Bu gün Azərbaycanın London Olimpiadasındakı sonuncu iki idmançısı, sərbəst güləşçilər Hetaq Qazyumov və Cabrayıl Həsənov mübarizəyə qoşulublar.

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Xetaq Qazyumov (96 kq) bürünc medal uğrunda yarışda öncə tacikistanlı İsgəndəri ilə qüvvəsini sınayıb. Döyüşün taleyini təcrübə həll edib. İdmançımız 20 yaşlı gənc həmkarını ilk hissədə 3:1, ardınca 3:0 hesabı ilə məğlub edib.

Qazyumov bürünc uğrunda növbəti görüşə çıxmalı olsa da, qarşılaşmaya çıxmadan qalib elan olunub. Təmsilçimizin növbəti rəqibi iranlı Əli Yazdani olmalı idi. Lakin o Andritsyevlə qarşılaşmanın ilk hissəsində zədələnərək görüşü vaxtından əvvəl tərk etdiyindən bürünc medal uğrunda mübarizə aparmayıb və Qazyumov Olimpiadanı 3-cü yerdə başa vurub. Bu, onun Olimpiya Oyunlarında 2-ci, yığmamızın isə Londonda 6 bürünc medalı olub.

 əvvəlki    8  9  10  11  12  13  14  15  16  17  18    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.