Bakı, 27 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Tvinninq, TAIEX və Sigma əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının “Azərbaycanda Tvinninq, TAİEX və SIGMA əməliyyatlarının tətbiqi (İTTSO) II” layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə Tvinninq, TAİEX və SİGMA alətləri ilə məşğul olan Əlaqələndirici Şəxslər üçün Azərbaycanda TAİEX alətinin tətbiqinə dair seminar keçirilib. Seminarda Avropa İttifaqının ekspertləri ilə yanaşı, ölkənin bir sıra dövlət orqanlarının nümayəndələri iştirak edib.
Proqram İdarəetmə Qurumunun direktor müavini, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli Avropa İttifaqının TAİEX yardım aləti barədə məlumat verərək bildirib ki, Proqram İdarəetmə Qurumunun həyata keçirdiyi tədbirlər nəticəsində TAİEX alətinə müraciətlərin sayı ildən-ilə artır. 2011-ci il ərzində dövlət orqanları Avropa Komissiyasına TAİEX üzrə 34 layihə ilə müraciət edib. 2012-ci ilin birinci yarısında isə Azərbaycan dövlət qurumları tərəfindən seminar, ekspert missiyası və təlim səfərləri keçirmək üçün edilmiş müraciətlərin 31-i qəbul edilmiş və qurumlar 20-dən çox TAİEX tədbirində iştirak edib. Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional quruculuq şöbəsinin Azərbaycan üzrə Əlaqələndirici Şəxsi Maria Luisa Sançez “TAİEX alətinə dair prosedurlar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr” mövzusunda təqdimatla çıxış edib.