Bakı, 14 sentyabr (ERtv). Bu ilin sentyabrından Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində uşaq və yeniyetmələr üçün Azərbaycan dili kursları təşkil olunub. Diaspor fəaliyyətinin əsas sütunlarından biri irsi mənsubiyyətin, Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasıdır. Bu sahədə ilk addım sözsüz ki, Azərbaycan dilinin tədrisidir. Bu təşəbbüsün əsas məqsədi Almaniyada böyüyən azərbaycanlı uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onları əsil mənada xaricdə yaşamalarına baxmayaraq vətənpərvər şəxsiyyət kimi boya-başa çatdırılmasına xidmət etməkdir. Ana dilində danışmaq – Azərbaycançılıq ideyasının yaşadılması üçün, Azərbaycanlı mənsubiyyətinin əsas şərtidir.
Azərbaycan dili Berlində yaşayan həmyerlimiz dosent Maisə xanım Əliyeva tərəfindən tədris edilir. Kursa gələn uşaqlara Azərbaycan məktəblərində istifadə olunan “Əlifba” və “Ana sözü” dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqda bilgilər veriləcək. Dərsdə eyni zamanda Azərbaycan dilində cizgi və bədii filmlərin tamaşası həyata keçiriləcək, Azərbaycan dilində ünsiyyəti inkişaf etdirəcək.