Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilən 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Mehriban Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxıb.
Məlumat verilib ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib.
Bildirilib ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotele montajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.
Burada təhsil iki illikdir. Bu il məktəbə ilk qəbul aparılıb və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-ə çatacaq. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcək.
Məktəbin yeməkxanası ilə tanış olan Mehriban Əliyeva burada yaradılan şərait və səliqə-sahmandan razılığını bildirib.
Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxıb. Məlumat verilib ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.
Mehriban Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış olub.
Kitabxana ilə tanışlıq zamanı bildirilib ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də var.
Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib. Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirib, tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.