Bakı, 13 sentyabr (ERtv). Astananın türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar bu gün Qazaxıstan paytaxtında TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin üçüncü müşavirəsi işə başlayıb.
Tədbirdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının (MK) baş katibi Günel Əfəndiyevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
Astana şəhərinin akimi, UNESCO və İSESCO üzrə Qazaxıstan Milli komissiyasının sədri İmanqali Tasmaqambetov müşavirəni açaraq bildirib ki, türkdilli ölkələr və subyektlər arasında bu dialoqa 2010-cu ildə Ankarada başlanıb, ötən il Kazanda görüş keçirilib: "Şadam ki, növbəti müşavirə Astanada keçirilir və Qazaxıstan TÜRKSOY və UNESCO ilə humanitar əlaqələrin dərinləşdirilməsində maraqlıdır".
Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, görkəmli siyasi və ictimai xadim, Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas Süleymenov, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və başqaları çıxış edib. Bildirilib ki, gələn il TÜRKSOY-un yaradılmasının 20 illiyi tamam olur. Öz məqsəd və vəzifələri, türkdilli xalqların mədəniyyətinin təbliği və inkişafı istiqamətində TÜRKSOY bir növ türk dünyasının UNESCO-sudur.
Sonra Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Rusiyanın altı türkdilli subyektləri - Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Saxa-Yakutiya, Tıva respublikaları və Moldovanın Qaqauz Yeri muxtar inzibati bölgəsinin təqdimatı keçirilib.
Günel Əfəndiyeva bildirib ki, bu il ölkəmizin UNESCO-ya üzv olmasından 20 il ötür. Bu illər ərzində ölkəmiz, o cümlədən Milli Komissiya təşkilatın prioritet sahələri üzrə intensiv əməkdaşlıq həyata keçirib, çoxsaylı uğurlu layihələrə imza atıb.
Bildirilib ki, qurum ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi rolu olub. Onun fəaliyyəti kilsə və məscidlərin, mədəni abidələrin bərpası və bu kimi çoxsaylı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Mehriban Əliyeva Afrikada savadsızlığın ləğvi, xarici ölkələrdə məktəblərin tikintisi kimi layihələrin həyata keçirilməsi sahəsində də uğurla fəaliyyət göstərir.
G.Əfəndiyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb, Azərbaycanın işğal olunan ərazilərində Ermənistanın dağıtdığı milli mədəni sərvətlərimiz haqqında ətraflı məlumat verib.
Müşavirə işini davam etdirir.