Bakı, 13 sentyabr (ERtv). Azərbaycan pPrezidenti İlham Əliyev bu gün Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Maksim Verhagen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Niderland Krallığının Bakıda səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli əlaqələrin inkişafında irəliləyişlərin olduğunu vurğulayan Maksim Verhagen bu əlaqələrin gələcək illərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycana səfərinin ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb. Dövlət başçısı əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu qeyd edib. İkitərəfli münasibətlərn genişləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmini diqqətə çatdıran Azərbaycan prezidenti ölkələr arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu deyib.
Niderland şirkətlərinin ölkəmizdəki geniş və uğurlu fəaliyyəti vurğulanan görüşdə neft-qaz sektoru, daşımalar, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.