Bakı, 13 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Koreyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Azərbaycanla Koreya arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı ölkələrimiz arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Koreyaya səfərlərini xatırlayan prezident İlham Əliyev münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir Çoi Suk-İn Koreyanın prezidenti Li Men Bakın salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.