Bakı, 13 sentyabr (ERtv). Dünya Azərbaycanlı Gənclər Birliyinin Cənubi Koreyadakı nümayəndəsi KAİST Universitetinin tələbəsi Cavid Əliyev sentyabrın 16-da Seulun Olimpik stadionunda keçiriləcək “World Peace Initiative” adlı beynəlxalq festivalda iştirak edəcək.
“World Peace Initiative” adlı festivalın məqsədi müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanları bir araya toplamaq və bütün dünyada sülhə nail olmaqdır. Festivalda 100.000-dən artıq insanın iştirakı gözlənilir.
Qeyd edək ki, festivalın əsas hadisəsi Ginnes rekordunun yenilənməsidir. Festivalın keçiriləcəyi Olimpik stadionunda eyni anda 100.000 çıraq işıqlandırılacaq. Bununla müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən insanlar “Dünyaya Sülh” mesajı verəcək.
Xatırladaq ki, Dünya Azərbaycanlı Gənclər Birliyi 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilən qurultayda təsis edilib. Birlik öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir.