Bakı, 13 sentyabr (ERtv). Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Niderlandın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə “Yeni Qonşuluq”, “Şərq Tərəfdaşlığı” proqramlarının uğurla həyata keçirildiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, xidmət, ticarət, kənd təsərrüfatı və s. sahələrdə 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir və bu sahələrə Niderland şirkətləri tərəfindən 365 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənəd imzalanıb. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42% artıb.
Nazir Şahin Mustafayev biznes forumun iş adamları arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılan əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırılb.
Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.
Tədbirdə Azərbaycan və Niderlandın iqtisadiyyatı, biznes və investisiya mühiti barədə təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Bizines forum zamanı Azərbaycan və Niderland arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinə dair Bəyanat imzalanıb. Sənədi İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen imzalayıb.
Tədbirdə Xarici İşlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Maastrixt İdarəetmə Məktəbinin rektoru Vim Naude tərəfindən “Biznesin idarə edilməsi təhsili sahəsində” Anlaşma Memorandumu imzalanıb. Biznes forum çərçivəsində həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti və süd məhsullarının emalı üzrə “Friesian” Konsaltinq Şirkəti arasında “Biznesin İdarə olunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə” Anlaşma Memorandumu, eləcə də “ADEC” və “UN Studios” şirkətləri arasında “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində əməkdaşlıq barədə sənəd imzalanıb.
Sonra İqtisadi İnkişaf naziri Şahin Mustafayev Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.