Bakı, 12 sentyabr (ERtv). “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanması məqsədilə Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 2012-ci il 11 santyabr tarixdə Dövlət Kadrlar İdarəsinin yeni başqanı Mehmet Ali Kumbuzoğlu ilə görüşüb. Görüş zamanı Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparılıb və iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Daha sonra “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanıb. Sənədi Türkiyə tərəfindən Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Ali Kumbuzoğlu, Azərbaycan tərəfindən isə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb.
Sənədin imzalanmasından sonra Bəhram Xəlilov Türkiyənin Çalışma və Sosial Güvənlik nazirinin müavini Halil Etyemez ilə görüşüb, hər iki ölkənin dövlət qulluğu sahəsində görülən işlər barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında imzalanan 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı barədə geniş məlumat verilib.