Bakı, 08 sentyabr (ERtv). Azərbaycanın daxili işlər naziri Ramil Usubov MDB-ə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının sədri təyin edilib. DİN-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, sentyabrın 7-8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna respublikalarının və Rusiya Federasiyasının daxili işlər nazirliklərinin nümayəndələri, habelə MDB-nin İcraiyyə Komitəsinin sədri - İcraçı katib S.N.Lebedev, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktoru N.A.Ovçinnikov, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin rəhbərinin birinci müavini M.M.Orazaliyev, MDB-nin İcraiyyə Komitəsi nəzdində Daxili İşlər Nazirləri Şurasının nümayəndəsi V.F.Yeryonkin və Beynəlxalq Kriminal Polis Təşkilatı -İnterpolun Baş katibi Ronald Noubl iştirak edib.
Azərbaycanın Baş naziri Artur Rasizadə tədbir iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Azərbaycanın daxili işlər naziri Ramil Usubov Şuranın sədri vəzifəsinə təyin olunub.
Daha sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası tərəfindən bir sıra mühüm məsələlər müzakirə edilib.