Azərbaycan ərazisində güclü külək davam edəcək, bəzi yerlərdə yağış yağacaq.
Bakı və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur: “Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 25-29 dərəcə isti təşkil edəcək”.
Azərbaycanın rayonlarında sabah gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 20-25, gündüz saatlarında 27-32, dağlarda gecə 12-17, gündüz isə 20-25 dərəcə isti olacaq.
G.Məmmədova Azərbaycanda qeyri-sabit hava şəraitinin avqustun 24-dək davam edəcəyini deyib: “Avqustun 24-dək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Bölgələrdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayın 24-ü gündüz yağış tədricən kəsiləcək”.