Anar Ələkbərov: "Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinə heç bir zərər dəyməyib".
Jurnalistlərə açıqlamasında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, yanğın Mərkəzin muzey hissəsinin dam örtüyündə baş verib. "Muzeyin daxilinə heç bir ziyan dəyməyib. Biz fəaliyyətimizi normal qaydada davam etdiririk", - Ələkbərov bildirib.
Onun sözlərinə görə, binada mükəmməl yanğınsöndürmə sistemi mövcuddur. Hazırda burada tikinti şirkəti işləri davam etdirir və tamamlama işləri yekunlaşdırılır. Buna görə də, təhlükəsizlik sistemi hələ tam təhvil verilməyib.
İlkin ehtimala görə, yanğın orada qaynaq işlərinin aparılması səbəbindən baş verib.
Qeyd edək ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı rəsmi məlumata əsasən, dünən saat 11:30 radələrində Bakının Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın baş verib.
Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.