AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın siyasi, iqtisadi, ticari və digər sahələrdə uğurla inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığı isə başqa ölkələr üçün nümunə kimi qiymətləndirdi. Bütün sahələrdə əməkdaşlığımızın tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, hər iki ölkənin dövlət rəhbərlərinin bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirmələri təsadüfi deyildir. Münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edən dövlətimizin başçısı ölkəmizin MDB çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayaraq dedi ki, bu əməkdaşlıq, ilk növbədə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi üçün əlavə imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyəti üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına əminliyini bildirdi.
Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birlikdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Leonid Slutski parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Litva Respublikasının ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfir Kestutis Kudzmansa diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirdi. Bu müddətdə əlaqələrimizin inkişafında böyük irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı Litva Respublikası prezidentlərinin, Baş nazirin və parlament sədrinin Azərbaycana səfərlərini məmnunluqla xatırladı, əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ikitərəfli münasibətlərimizin inkişafının yüksək səviyyədə olduğunu vurğuladı. O, Litva rəhbərlərinin Azərbaycana səfərləri zamanı ölkəmizdə gedən yüksək inkişaf proseslərinin şahidi olduqlarını dedi və Azərbaycanın uğurlarına sevindiklərini bildirdi. Litvalı diplomat ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.