Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında iki tərəfli münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.
Nazir Elmar Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırmış və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə beş nota təqdim etməsinə baxmayaraq, qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırlatmışdır.
Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb etmiş və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvar olduğunu bildirmişdir.