“Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcək”.
Bu barədə Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”-in imzalanma mərasimindəki çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib.
O bildirib ki, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. “Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırıb. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir”.
Mehriban Əliyeva bildirib ki, bu ilin oktyabrında Azərbaycanın paytaxtında İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. O mərasim iştirakçılarını bu tədbirdə iştirak etməyə dəvət edib: “Belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır”.
Jurnalistlərin suallarını cavablandıran Azərbaycanın birinсi xanımı bildirib ki, Heydər Əliyev Fondu ümumdünya mədəni irsinin qorunmasına dair bir sıra iri layihələr həyata keçirib. “Bizim “Azərbaycan - tolerantlığın ünvanı” layihəmiz vardır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik”.
O qeyd edib ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir.
Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri var. Əsrlər boyu Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. “Biz inanırıq ki, yalnız dialoq, yalnız dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar. Biz buna səy göstəririk”.
Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, bu gün Azərbaycanda Şərq ilə Qərb arasında, xristian dünyası ilə müsəlman aləmi arasında, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasına ən yüksək dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan bu gün müsəlman ölkəsi kimi dünya üçün bir nümunə ola bilər.