Elmar Məmmədyarov Niderlandın baş nazirini Azərbaycana səfərə dəvət edib
12 iyun, 2012 18:36
Niderland Krallığında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-də bu ölkənin baş naziri Mark Rutte ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi münasibətlər müzakirə olunub və əlaqələrin gələcək perspektivi ətrafında fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov M. Rutteni Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən baş nazir “Eurovision” musiqi yarışmasının Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinə görə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanda və regionda gedən proseslər, həmçinin tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.