Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında sürüşmənin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, yamacın 60 ha ərazisində quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilib. Bütün ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl ot örtüyü yaradılır. Ağaclar üçün müasir damcılı, ot örtüyü üçün isə toz şəklində səpilən suvarma sistemlərinin qurulması işləri tamamlanmaq üzrədir.
Nazir hesab edir ki, bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir.
Bağırovun sözlərinə görə, gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən effektli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaq. Bu baxımdan, tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihənin icrası istiqamətində işlər davam etdirilir.
Nazir əlavə edib ki, modul tipli su təmizləyici qurğulardan ibarət 17 stansiyanın istismara verilməsi nəticəsində Xəzər dənizinin ətraf mühitinin mühafizəsi sistemi yaradılıb. Bununla da təxminən 100 km sahilboyu ərazidən dənizin çirklənməsinin qarşısı alınıb.