Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, dövlətimiz bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb.
"Bütün müvafiq qurumlar, bütün nəqliyyat infrastrukturu tam hazır vəziyyətə gətirilib və yarışmanın başlamasına hazırdır", - Həsənov deyib.