Qəza nəticəsində “Peugeot” və “Mercedes” markalı avtomaşınlar toqquşub.
Ötən gecə Xətai rayonu Zığ şossesindən hava limanına doğru gedən yolda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində “Peugeot” və “Mercedes” markalı avtomaşınlar toqquşub. Qəza zamanı nə sürücülər, nə də maşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı “Peugeot”nun sürücüsü Zığ şossesi ilə hərəkətdə olan zaman yolu səhv salıb və avtomaşını arxaya hərəkət etdirməyə başlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı avtomaşın qarşısına çıxan “Peugeot” ilə toqquşub.
Yol nəqliyyat hadisəsindən sonra əraziyə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Hər iki avtomaşının sürücüsü həkim müayinəsindən keçirilməsi üçün tibbi məntəqəsinə, qəzaya uğrayan avtomaşınlar isə cərimə dayanacağına aparılıb.